Şeyxülislam həzrətləri baş vermiş fəlakətlə bağlı Türkiyəyə başsağlığı məktubu göndərdi

19.08.2021
Türkiyə Cümhuriyyəti
  Diyanət İşləri Başkanı
d-r Ali ERBAŞA
 
Möhtərəm qardaşım!
          Qardaş Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində baş vermiş sel fəlakəti nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
         Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan cənabınıza və bütün qardaş türk xalqına bu təbii fəlakət nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, xəsarət almış şəxslərə şəfa diləyirəm.
         Türkiyə Cümhuriyyətinin müdrik hökumətinin atdığı qətiyyətli addımlar sayəsində qüdrətli Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələr, inşallah! Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqının yanındadır. Zatən, hər zamankı kimi, sevincimiz və kədərimiz birdir! Qardaş Türkiyə dövlətinin üzləşdiyi təbii fəlakətlərlə bağlı imtahandan tezliklə qurtulması üçün Uca Rəbbimizə dualar edirik. Dualarımız hər zaman Sizinlədir.
         Möhtərəm qardaşım! Bir daha Sizə həlak olan vətəndaşlarınızla bağlı dərin hüznlə başsağlıqlarımızı bildirir və bəyan edirəm ki, Azərbaycan xalqı türk qardaşlarının yanındadır. Cənabi Haqq bir millət, iki dövlət olan qardaş ölkələrimiz və xalqlarımızı hər zaman qalib və bəxtiyar qərar versin! Allah-Təala bizləri bəlalardan hifz etsin! Amin! 
 
Dərin hörmətlə,                                                                                                             
                                                                              Şeyxülislam    
Allahşükür Paşazadə
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1394