Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskva Patriarxiyası Xarici Kilsə Əlaqələri şöbəsinin sədr müavini qəbul etdi

 
 
03.06.2021
 
  İyunun 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda işgüzar səfərdə olan Rus Pravoslav Kilsəsinin nümayəndəsini - Moskva Patriarxiyası Xarici Kilsə Əlaqələri şöbəsinin sədr müavini Arximandrit Filareti qəbul edib.
   Səmimi şəraitdə keçən görüşdə Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq, iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirdi. QMİ sədri bu qardaşlıq münasibətlərinin və dinlərarası əməkdaşlığın davam və inkişaf etdirilməsinin mühüm olduğunu, xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət etdiyini qeyd etdi. 
   Arximandrit Filaret, öz növbəsində, Moskva və bütün Rusiya Patriarxı Kirillin tapşırığı üzrə QMİ sədri ilə görüşməkdən və Zati-müqəddəslərinin səmimi salamlarını, xeyir-dualarını Şeyxülislama çatdırmaqdan şərəf duyduğunu bildirdi. Qonaq QMİ sədrinin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində tanınmış dini lider olaraq dəyərli xidmətlərinin olduğunu xüsusi vurğuladı. Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin yüksək səviyyəli, məhsuldar əməkdaşlıq əlaqələrinin bu sahədə bütün dünya üçün gözəl örnək, postsovet məkanı üçün müsbət nümunə olmasını qeyd edən qonaq bu il Moskva və bütün Rusiya Patriarxı Aleksinin 2001-ci ildə Azərbaycana ilk səfərinin fəxri ildönümü olduğunu xatırlatdı. Arximandrit Filaret Patriarx Kirillin QMİ sədri Şeyxülislam A. Paşazadə ilə MDB Dinlərarası Şurasının həmsədrləri olaraq birgə təşəbbüs və səylərinin region üçün və qlobal müstəvidə böyük önəm kəsb etdiyini xüsusi qeyd etdi.
   Görüş çərçivəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərində dini məbədlərin bərpası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.
   Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının təmsilçisinin iştirak etdiyi görüşdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərindən Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski iştirak etdilər.
    Görüşdə Azərbaycan Milli Məsclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə iştirak etdi.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir

Oxunub : 5352