Qafqaz Müsəlmanları İdarəsinin sədri Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirini qəbul etdi

12.04.2021
         Aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Amanullah Ceyhunu qəbul edib.
         Səfiri səmimi salamlayan QMİ sədri A. Paşazadə Azərbaycanla Əfqanıstan arasında dostluq, qardaşlıq münasibətlərinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun yüksələn xətlə inkişafını məmnuniyyətlə qeyd etdi. O, ölkəmizə yeni təyin olunmuş Əfqanıstan səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətində xeyir-dualar dilədi.
         Əfqanıstan dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri A. Paşazadə Azərbaycanla Əfqanıstan arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etdiyinə və davamlı inkişaf etdirilməsinin vacib olduğuna diqqəti çəkdi.
Səfir Amanullah Ceyhun Qafqazın, Azərbaycanın nüfuzlu dini lideri ilə görüşmək fürsətinə görə minnətdar olduğunu bildirdi və Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həliminin səmimi salamlarını QMİ sədri A. Paşazadəyə yetirdi.
Şeyxülislam A. Paşazadə Əfqanıstanın din rəsmilərinin QMİ tərəfindən keçirilən beynəlxalq tədbirlərdə hər zaman yaxından iştirakını məmnunluqla qeyd edib, hazırda bu əməkdaşlığın onlayn formatda davam etdirildiyini vurğulayaraq, pandemiya bitdikdən sonra bilavasitə görüşlərin davam edəcəyinə ümidvar olduğunu bildirdi. Görüşdə 40 ildən artıq Şeyxülislam məqamında fəaliyyət göstərmiş A. Paşazadənin Sovetlər dönəmindən Əfqanıstanla dini-mənəvi əlaqələrin yaranmasında rolu xüsusi xatırlandı.
Azərbaycan  Prezidenti Zati-aliləri cənab İlham Əliyevin səyləri sayəsində tarixən bağlılıqları olan Azərbaycanla Əfqanıstan arasında qardaşlıq münasibətlərinin və dövlətlərarası müstəvidə əlaqələrin inkişaf etdiyi dönəmdə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olduğundan məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında İslami həmrəylik çərçivəsində dini-mənəvi əlaqələrin inkişafının prioritetlərdən olduğunu qeyd etdi. Şeyxülislam A. Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkür etdi.
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Əfqanıstan xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar etdi, ən xoş arzularını bildirdi. 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 7285