QMİ sədri KAICIID Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak etdi

 
22.03.2021
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 22 mart tarixində KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak etdi.
 Konstantinopol Ekumenik Patriarxiyasinin Ekzarxi Mitropolit Emmanuelin giriş sözü ilə açılan vebinar qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunmuşdu.
 KAİSİİD Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü Konstantinopol Ekumenik Patriarxiyasinin Ekzarxi Mitropolit Emmanuel yeni məqama — Xalkidon Mitropoliti seçilməsi münasibətilə təbrik edildi, ona nəcib fəaliyyətində uğurlar diləndi.
 Videotoplantıda Beynəlxalq Mərkəzin gələcəyinə dair təşkilati məsələlər, Direktorlar Şurasının və Tərəflər Şurasının ikinci birgə iclasının detalları, İdarə Heyətinin növbəti sessiyaları, həmçinin, qurumun genişləndirmə layihəsi üzrə perspektivləri, bu çərçivədə Nigeriya və Seneqalın üzvlüyü məsələsi gündəmdə oldu. Kommunikasiya məsələləri üzrə yenilənmələr, təlim sistemi üzrə təqaüdlər proqramının müzakirəsi növbəti iclasa tövsiyə olundu. Mərkəzin mənzil-qərargahının Vyanadan köçürülmə perspektivi də müzakirə olundu.
      İclasa sədrlik edən Mitropolit Emmanuel KAİCİİD adından Şeyxülislam A.Paşazadəni və onun timsalında bütün Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi, ən xoş arzularını ifadə etdi.
   Məlumat üçün bildirək ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD dinlərarası dialoqun yeni platforması kimi məhsuldar fəaliyyət göstərir. Belə ki, onun fəaliyyəti bu gün bütün problemlərin fövqündə duran sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı kimi müasir dünyada böyük ehtiyac duyulan vacib mərama xidmət edir. Əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarət olan KAICIID dünyanın aparıcı dinlərinin rəhbərlərindən ibarət Direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini liderdir.
QMİ-nin Mətbuat Xidməti
 
 

Oxunub : 3758