Qazaxıstanın ölkəmizdəki səfiri Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirdi

 
19.03.2021
         Martın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdıkarimovu qəbul edib.
         Səfiri səmimi salamlayan QMİ sədri dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi. Görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A. Paşazdə  Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən, dövlət rəhbərlərinin öncül rolundan danışdı. Mədəniyyətlər, dinlər arasında dialoq və əməkdaşlığa dair Bakının evsahibliyi etdiyi qlobal forumlardan söhbət açan QMİ sədri 2019-cu ildə keçirilən Dünya Dini Liderlərinin II Bakı Sammitinin önəmini xüsusi vurğuladı, bu mötəbər beynəlxalq tədbirdə Qazaxıstanın yüksək səviyyədə təmsilçiliyinini yüksək dəyərləndirdi. Qazaxıstanın evsahibliyi etdiyi Dünya və Ənənəvi Dini Liderlərin mütəmadi keçirilən Qurultaylarının böyük önəmini qeyd edən Şeyxülislam A. Paşazadə bu qlobal forumlarda ardıcıl iştirakını, Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin bu beynəlxalq forumun təsisindəki vacib rolunu qeyd etdi. Azərbaycan və Qazaxıstanın dövlət rəhbərləri — qardaş ölkələrin liderləri arasında Ümummilli lider Heydər Əliyevlə Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan, Zati-aliləri cənab İlham Əliyevin davam etdirdiyi və bu gün də Zati-aliləri cənab Kasım-Jomart Tokayevin birgə səyləri ilə inkişaf etdirilən münasibətlərin   xalqlarımız, dövlətlərimizin ümumi tərəqqisinə, müştərək mənafelərimizə xidmət etdiyini məmnunluqla vurğulayan Şeyxülislam A.Paşazadə bunu qiymətli dəyər kimi səciyyələndirdi.
         Qazaxıstanlı səfir S.Abdıkarimov, öz növbəsində, beynəlxalq təhlükəsizliyin zəifləməsi, ekstremizm və beynəlxalq terrorizmin vüsət alması, mənəvi-əxlaqi dəyərlərin dəyərsizləşməsi fonunda dünya ictimaiyyətinin birləşməsində dini liderlərin rolunu vurğuladı. O bildirdi ki, belə bir dövrdə Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir belə bir mötəbər, dünya miqyaslı fəaliyyətə malik dini liderlə görüşü böyük şərəf saydığını və görüş imkanına görə minnətdarlığını ifadə etdi.
         Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam A. Paşazadəni Azərbaycan və Qazaxıstan xalqları üçün əziz, mübarək bayram olan Novruz münasibətilə təbrik etdi, ən xoş arzularını bildirdi. 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4299