QMİ sədri Yunanıstan səfiri ilə görüşdü

 
19.03.2021
Martın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri  Nikolaos Piperiqkosu qəbul etdi.
Səfiri səmimi salamlayan QMİ sədri A. Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd etdi.
Şeyxülislam A. Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğuladı. Şeyxülislam A. Paşazadə Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqəti çəkərək, Yunan Ortodoks Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə etdi. Şeyxülislam QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar, o cümlədən, Avropa ölkələrində baş tutmuş beynəlxalq konfranslar barədə səfirə ətraflı məlumat verdi. Bildirdi ki, Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzində əməkdaşlıq etdiyi kolleqaları arasında yunan əsilli nüfuzlu din xadimləri ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.  
Yunanıstan səfiri Novruz bayramı ərəfəsində Şeyxülislam A. Paşazadə kimi tanınmış, müsəlman dünyasının nüfuzlu dini lideri ilə görüş imkanından şərəf duyduğunu ifadə etdi. Səmimi şəraitdə keçən görüşdə Şeyxülislam A. Paşazadə QMİ-nin tarixi və fəaliyyətinə dair yunan səfiri maraqlandıran suallar ətrafında danışdı.     
Şeyxülislam A. Paşazadə rəhbərlik etdiyi dini mərkəz – QMİ-nin dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələrinin mövcudluğunu qeyd edərək, Avropa ilə dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət çərçivəsində  Yunanıstan və Yunan Ortodoks Kilsəsi ilə gələcək əməkdaşlıq perspektivlərinin xeyirlərə vəsilə olacağına ümidvar olduğunu bildirdi.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4141