Şeyxülislam həzrətləri Fransanın Azərbaycandakı səfirini qəbul etdi

 
19.03.2021
Martın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qrossu qəbul etdi.
Səfiri səmimi salamlayan QMİ sədri A. Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd etdi.
Şeyxülislam A. Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğuladı. Şeyxülislam A. Paşazadə, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla  Fransa arasında münasibətlərdə müsbət meyllərdən məmnunluğunu vurğuladı. A. Paşazadə bildirdi ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək uğrunda ədalətli mübarizəsinin bəzi dairələr tərəfindən dünyaya qərəzli şəkildə xristianlarla qarşıdurma kimi təqdim edilməsi iftiradan başqa bir şey deyil. QMİ sədri bu təbliğatın daha çox Erməni Apostol kilsəsi tərəfindən aparıldığına təəssüf etdiyini bildirdi. QMİ sədri Şeyxülislam A. Paşazadə birmənalı şəkildə vurğuladı ki, bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz. Diğər tərəfdən, erməni dini liderləri ilə 1988-ci ildən başlayaraq dəfələrlə şəxsən görüşdüyünü, Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutmuş görüşlərin nəticəsi olaraq imzaladıqları birgə bəyannamələrdə münaqişənin dini səciyyə daşımadığı təsbit olunmuşdur. Bu baxımdan, erməni kilsəsinin bu gün ermənilərin xristian olduqlarına görə sıxışdırılmaları barədə yalanlar yayması, işğal etdikləri ərazidən çıxarılmalarını guya öz ərazilərindən qovulmaları kimi təbliğ etmələri saxtakarlıq və dünya ictimaiyyətini aldatmaqdır. Beynəlxalq hüquqa zidd işğal və təcavüzlərini, törətdikləri terror və vandalizm hallarını ört-basdır etməyə çalışan erməni kilsəsi ümumxristian həmrəyliyinə nail olmaq, din qardaşlarının   dəstək və yardımından sui-istifadə etmək niyyətilə Azərbaycanda guya xristian dini abidələrinə təhlükə mövcud olduğunu iddia edir. Əslində isə ermənilər Azərbaycanın işğal altında 30 ilə yaxın işğalda saxladığı ərazilərində minlərlə müsəlman məscid, ziyarətgah və qəbirstanlıqlarını, xristian, qədim alban, yəhudi məbədlərini dağıtmışlar. QMİ sədri bölgədə sülh naminə erməni kilsəsinin qarşılıqlı anlaşma, dinc yanaşı yaşama prinsiplərini təbliğ etməli olduqlarını fransalı səfirin diqqətinə çatdırdı. Xüsusi vurğuladı ki, xalqlar arasında davamlı sülh üçün erməni kilsəsi nifrət çağırışlarından birmənalı şəkildə imtina etməlidir. Şeyxülislam A. Paşazadə yada saldı ki, MDB Dinlərarası Şurasının həmsədri kimi Katolikos II Qaregini II Bakı Sammitində iştirak üçün Azərbaycana dəvət etmişdi və erməni dini lideri Bakıda şəhərin ən mərkəzi yerində bərpa olunaraq abad şəkildə qorunan erməni kilsəsini şəxsən ziyarət etmiş, burada ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımızla görüş keçirmiş, erməni dilində kitabların qorunub saxlanıldığı kitabxana ilə tanış olmuşdu. Buradakı təəssüratlarından heyranlığını gizlətməyən dini liderin indi azərbaycanlıları qeyri-tolerantlıqda qınamağı yersizdir. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsi bundan ibarətdir ki, erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.
Fransalı səfir QMİ sədri A. Paşazadəyə qəbula görə təşəkkürlərini bildirdi, istər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən şərəf duyduğunu ifadə etdi. Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Fransa üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğuladı. Azərbaycanın dinlərarası harmoniya modelinin Fransada təşviqi baxımından postpandemiya dövründə bu mövzuda tədbirlərin vacibliyinə diqqəti çəkən Z. Qross səfirlikləri tərəfindən bu işə hərtətəfli təşkilati dəstək verəcəklərini vurğuladı.
Şeyxülislam A. Paşazadə rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xəttilə bugünədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə səfir Z. Qrossa ətraflı məlumat verdi və yaxın gələcəkdə Fransa ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi üçün səy göstərəcəklərini, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyətdən məmnun olacaqlarını bildirdi.      
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3017