Şeyxülislam Allahşükür Paşazadə: İnanırıq ki, Azərbaycan-ICESCO münasibətləri bundan sonra da inkişaf edəcək

14.01.2021
 
Azərbaycanın ICESCO ilə əlaqələri hər zaman yaxşı olub. İnanırıq ki, bu münasibətlər davamlı olaraq müsbət istiqamətdə inkişaf edəcək. ICESCO 44 günlük Vətən müharibəsində də Azərbaycanın yanında oldu, ölkəmizin haqq işini dəstəklədi.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
 
QMİ sədri qonağa Azərbaycanın ermənilər tərəfindən dağıdılan, viran qoyulan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu yolda şəhidlər verdik. Allah onlara rəhmət etsin. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, dağıdılan yaşayış məntəqələrimiz, maddi-mədəniyyət nümunələrimiz bərpa olunacaq, bu torpaqlara yeni həyat gələcək. Təəssüf ki, erməni vandallar nəinki müsəlman abidələrini, həmçinin kilsələri də dağıdıb və ya erməniləşdiriblər.
 
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan multikultural dəyərləri ilə bütün dünyada tanınır. "Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik edirəm. Haqq öz yerini tutur. İşğaldan azad olunan ərazilərdə məscidlər dağıdılıb, təhqir edilib. Azərbaycan ICESCO-nun fəxrli üzvüdür. Buraya səfərimizlə sizə dəstəyimizi və bizim üçün necə dəyərli olduğunuzu göstərmək istəyirik. Biz dağıdılan abidələrin bərpasında yaxından iştirak etmək istəyirik. Əminik ki, Azərbaycan Qarabağı yenidən bərpa edəcək”, - deyə Baş direktor vurğulayıb.
 

Oxunub : 3679