Ukraynada Qarabağ şəhidlərinin xatirəsinə Dua Gecəsi keçirilib

17.11.2020
 
Noyabrın 15-də Ukraynanın paytaxtı Kiyev şəhərindəki  “Ər-Rəhmə” cümə məscidində Azərbaycanın Qarabağ bölgəsində şəhid olanların xatirəsinə Dua gecəsi keçirilib.
Tədbir Türkdilli və Şərq Xalqlarının Ümumukrayna Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb.  
Tədbirdə Ukraynanın Baş Müftisi,  Şeyx Əhməd Təmim, Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova iştirak edib. Ukraynada yaşayan Azərbaycan diasporunun nümayəndələri, məşhur iş adamları və mədəniyyət xadimləri də tədbirin təşkilində və keçirilməsində fəallıq göstəriblər.
Ukraynanın Baş Müftisi, Şeyx Əhməd Təmim Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin tədbir iştirakçılarına məktubunu oxuyub.  Məktubda deyilir:
“Bu günlərdə biz Azərbaycanın haqq mücadiləsi, beynəlxalq hüququn və ədalətin qalibiyyəti üçün mübarizə aparan xalqımıza dəstək olan dostlarımızın və  qardaşlarımızın həmrəyliyinin şahidi olduq. Bütün Ukrayna xalqına və özəlliklə Ukrayna müsəlmanlarına məscidlərinizdə şəhidlərimizi yad etdiyiniz, xalqımıza xeyir-dualar verdiyiniz üçün təşəkkür edirik. Uca Allahdan diləyimiz budur ki, xalqlarımızın rifahı və xoşbəxtliyi naminə gördüyümüz işlərə rəvac versin!"
 
Tədbirin rəsmi hissəsi Ukrayna Baş Müftisinin duası ilə başa çatıb.
Sonra ehsan verilib.
 
 
 
 

Oxunub : 4497