05 DEKABR 2024
QMİ-də terror, nifrətə çağırış, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü mövzusunda onlayn beynəlxalq konfrans keçirilib
10.11.2020
Noyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymin, İslam aləminin, o cümlədən Yaxın Şərq, Afrika, Avropa və Asiyanın nüfuzlu siyasi-ictimai xadimləri və dini rəhbərləri iştirak ediblər.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbirin açılış mərasimində çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Allahşükür Paşazadə Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib.
QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək, öz əzəli torpaqlarını erməni işğalından azad etmək uğrunda haqq mübarizəsinə verdikləri siyasi-mənəvi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, Türkiyə, İran, Pakistan və Əfqanıstanın dövlət rəhbərlərinə və xalqlarına, İslam aləminin tanınmış şəxsiyyətlərinə, nüfuzlu dini liderlərinə və ictimai xadimlərinə dəstək bəyanatlarına və həmrəylik məktublarına görə dərin minnətdarlığını ifadə edib.
A.Paşazadə Ermənistanın öz işğalçılıq siyasətini və insanlığa qarşı müharibə cinayətlərini davam etdirərək Azərbaycanın Gəncə, Bərdə, Tərtər, digər şəhər və yaşayış məntəqələrində dinc əhalimizə qarşı terrorunu, işğal olunmuş ərazilərimizdə erməni ekstremistləri tərəfindən yüzlərlə məscid, məbəd və kilsənin, minlərlə məzarlığın dağıdılması, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılması və dini məbədlərin qriqoryanlaşdırılması, hətta əsarətdə qalan məscidlərimizin tövləyə çevrilərək orada İslamda haram buyurulan heyvanların saxlanılması kimi təhqir əməlləri barədə konfrans iştirakçılarına məlumat verib. Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin bu işğalçılıq və vandalizm əməllərinə dəstək verərək Azərbaycanın işğal olunmuş ərazilərində ölənədək vuruşmağa çağırışlarını sülhə deyil, ölümə, işğala, təcavüzə xeyir-dua verməsini dini mərkəzə yaraşmayan və xristianlığın hökmlərinə zidd olan nifrətə çağırış nümunəsi kimi qiymətləndirib.
Şeyxülislam bütün İslam ölkələrinə müraciət edərək Ermənistana Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə, o cümlədən öz ərazilərindən həmin məqsədlə təyinatlı daşımalara və muzdluların hərəkətinə yol verməməyə çağırıb.
Azərbaycanda Qələbənin və Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirən QMİ sədri bu günlər işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın qədim şəhəri Şuşada Azərbaycanın üçrəngli Dövlət Bayrağının dalğalanmasını və azan səsinin ucalmasını böyük nemət kimi dəyərləndirib, bu münasibətlə xalqımızı təbrik edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti sayəsində bütün torpaqlarımızın azad olunacağına, orada məscidlərimizi və ibadətlərimizi bərpa edəcəyimizə əminliyini ifadə edib.
Konfransda çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəsinə İƏT-in hər zaman dəstək verdiyini xüsusi vurğulayıb. Təşkilat tərəfindən son dövrdə verilmiş bəyanatların məhz bu baxımdan önəmini xatırladan İƏT təmsilçisi Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirib, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinə tərəfdar olduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı Ali Erbaş Qarabağın ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, bu zəfərlərin davamlı olmasını arzulayıb. A.Erbaş beynəlxalq hüququ, insani, vicdani və əxlaqi əsasları heçə sayan, günahsız dinc insanların qanını tökən, mülki binaları hədəfə alan Ermənistanın həyata keçirdiyi terror aktlarını lənətlədiyini bildirib, eyni tarix, din, mədəniyyətin mənsubu olduqları dost və qardaş Azərbaycan xalqı ilə bir ürək kimi olduqlarını, ölkəmizin Azərbaycanın haqlı mübarizəsində daim onu dəstəkləyəcəklərini vurğulayıb.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Torkaman İranın Ali Rəhbəri Ayətullah-üzma Seyyid Əli Xamneyinin Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatına istinad edib. Bildirib ki, İran BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu dəstəkləyir. Bu yolda İslam ölkələrinin bir-birini müdafiə etməsi zəruridir. Təşkilat sədri Şuşanın azad olunması və Qələbə münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi Əli Muhyiddin Əl-Qaradaği 93 dövlətdən on minlərlə üləmanın üzv olduğu, onlarca üləma cəmiyyətinə malik təşkilat kimi Beynəlxalq Müsəlman Üləmaları İttifaqının, Allahın izni ilə, həmişə haqqın tərəfində durduğunu bəyan edərək, özünün, torpağının və suverenliyinin müdafiəsində duran doğma Azərbaycan xalqının yanında olduqlarını, təcavüzkar dövləti pisləyən, Azərbaycanın işğal altındakı bütün torpaqlarından Ermənistan silahlı birləşmələrinin çıxarılmasını tələb edən, təcavüzün və işğalın gec-tez acı aqibət gözlədiyini özündə əks etdirən geniş bəyanat verdiklərini diqqətə çatdırıb. Həmin bəyanatda vurğulanır ki, Ermənistan təcavüzkar dövlətdir, beynəlxalq qanunlara uyğun olaraq işğal etdiyi ərazilərdən mütləq çıxmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzünün reallıqları barədə konfrans iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edir, münaqişəni dini müstəvidə təqdim etməyə cəhdlər göstərir.
Misirin Parlament sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Mahmud Əl-Şərif Misir-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən bəhs edib, ölkəmizin haqlı mübarizəsinə dəstəklərini vurğulayıb və beynəlxalq konfransın gündəliyinə dair məsələlərə öz münasibətini bildirib.
ISESCO-nun Baş direktoru Salem bin Məhəmməd əl-Maliki çıxışında Azərbaycanın işğal altındakı torpaqlarında erməni vandalizminə uğramış ümumislam əhəmiyyətli dini-mənəvi irsin qorunmasının vacibliyinə toxunub.
Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli ölkəsinin qardaş Azərbaycan dövlətinə hər zaman olduğu kimi, bu günlərdə mənəvi-siyasi dəstəyini ifadə etməsinin dostluq və qardaşlıq borcu olduğunu diqqətə çatdırıb, Qələbə münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi Azərbaycan xalqını Şuşa zəfəri münasibətilə təbrik edib, ölkəmizin Dağlıq Qarabağ bölgəsində haqq savaşına daimi və davamlı dəstəyini bildirib, qəlbən və ruhən hər zaman Azərbaycanın və onun haqq işinin yanında olmaqdan qürur duyduqlarını diqqətə çatdırıb.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri Usmonxon Alimov ölkəsinin Azərbaycana qardaş münasibətlərinin tarixi köklərə malik olduğundan danışıb, müstəqil dövlətlərimiz arasında dini-mənəvi əlaqələrin, ortaq mədəni irsin yüksək səviyyədə qorunub saxlanılmasına dair fikirlərini, konfransın mövzusuna dair baxışlarını bölüşüb. Azərbaycanın haqq işi uğrunda apardığı ədalətli mübarizəsinə mənəvi dəstəyini ifadə edən özbəkistanlı müfti ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə həlak olmuş hərbçilər və dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verib.
İslam Əməkdaşlığı Təşkilatı nəzdindəki IRCICA-nın Baş direktoru Halit Eren Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib, Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə qınadığını və Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərini qeyd-şərtsiz boşaltmalı olduğunun vacibliyini vurğulayıb.
Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri Şeyx Məhəmməd Mənsur Nias çıxışında Azərbaycan hökumətinin və xalqının yanında olduğunu bildirərək, ölkəsində xalqımızın və Müzəffər Ali Baş Komandanımızın Qələbəsi üçün xüsusi dua məclisləri təşkil etdiklərini diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, Qələbə Azrbaycanladır, çünki o, İslam bayrağını qaldırır, insanları İslama müdriklik və gözəl öyüd-nəsihətlə dəvət edir.
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Təmim Ukrayna müsəlmanlarının Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini dəstəklədiyini, təcavüz nəticəsində dinc insanların qətlə yetirilməsi hallarını qətiyyətlə qınadığını ifadə edib.
İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı Yəhya Pallaviçini, Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo, Bolqarıstanın müftisi Mustafa Alış Hacı, Monteneqronun müftisi Rifat Feyzic, Macarıstan Müsəlman İcmasının sədri Zoltán Róbert Bolek, Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti Əziz Əl-Kobaiti İdrisi, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri Maksatbek Toktomuşev Qazaxıstandakı Nursultan Nazarbayev Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Altay Abibullayev, Tanzaniya Milli Müsəlman Şurasının sədri Xamis Səid Mataka və digərləri çıxışlarında beynəlxalq hüquqa əsasən Azərbaycanın öz suveren haqlarını bərpa etmək, öz təhlükəsizliyi və ərazi bütövlüyünün toxunulmazlığı uğrunda mübarizəsini dəstəklədiklərini, bu haqlı savaşın tezliklə qalibiyyətlə başa çatması üçün dualar etdiklərini xüsusi vurğulayıblar.
Sonda konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik müraciəti və yekun sənəd - Bəyanat qəbul ediblər.
Oxunub : 4569