Beynəlxalq İslam Fiqhi Təşkilatından Azərbaycana dəstək

 
23.10.2020
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində son günlər atdığı addımlar, işğalçı Ermənistanın dinc sakinlərə qarşı həyata keçirdiyi hərbi cinayətlər barədə dünyanın müxtəlif ölkələrindəki beynəlxalq təşkilatlara, tanınmış din xadimlərinə yazdığı müraciətlər böyük rezonansa səbəb olub.
Son günlər QMİ sədrinin ünvanına gələn cavab məktublarında Azərbaycanın haqlı mövqeyi müdafiə olunur, Ermənistanın dinc sakinləri atəşə tutması pislənilir.
Mənzil-qərargahı Küveytdə yerləşən Beynəlxalq İslam Fiqhi Təşkilatının Baş katibi Seyid Əbdül-Qasim Əd-Dibaci QMİ sədrinə yazdığı cavab məktubunda dünya ictimaiyyətini Ermənistanın cinayət əməllərinə və təcavüzkar davranışlarına biganə qalmamağa səsləyib:
“Əziz qardaşım,
Sizə qarşı böyük rəğbətimizi, səmimi dostluq və qardaşlıq münasibətimizi ifadə edərək salamlarımızı yetirir, Sizə və Azərbaycan müsəlmanlarına ən gözəl arzularımızı diləyirik.
         Beynəlxalq İslam Fiqhi Təşkilatı olaraq uzun müddətdən bəri ərazilərinizi işğalda saxlayan, beynəlxalq hüquqa məhəl qoymayan, azərbaycanlıları didərgin salan, əsir götürən, qətlə yetirən, İslam irsini məhv edən, məscidləri heyvan tövlələrinə çevirən, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qətnamə və qərarlarına məsuliyyətsiz yanaşan, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrini atəşə tutan, dinc sakinləri, günahsız insanları-uşaqları, qadınları qətlə yetirən Ermənistanın cinayət əməllərini və təcavüzkar davranışlarını şiddətlə qınayırıq.
         Biz əminik ki, Uca Allah bu çətin günlərdə sizinlədir. Dua edirik ki, Allah-Təala Azərbaycanı şər və bəladan qorusun, öz rəhməti və fəziləti ilə bu qara buludu Vətəninizin üzərindən götürsün, sizləri müvəffəq etsin. Dəyərli Vətən üçün pak qanlarını fəda edən şəhidlərin məkanlarını Nəim cənnətlərində qərar versin, sizlərə səbir və zəfər əta etsin.
         Seyid Ədbül-Qasim Əd-Dibaci
         Beynəlxalq İslam Fiqhi Təşkilatının Baş katibi  
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 886