Ayətullah Məkarim Şirazi Azərbaycanın mövqeyini müdafiə edən bəyanat yayıb

20.10.2020
Son günlər əzəli torpaqlarımız Qarabağın Ermənistan işğalından azad edilməsi yolunda atdığımız qətiyyətli addımlar dünya ictimaiyyəti tərəfindən dəstələnir. Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərdən  biri də İran İslam Respublikasının tanınmış din xadimi  Ayətullah Nasir Məkarim Şirazidir.
Nüfuzlu din xadiminin Qum şəhərindən verdiyi bəyanatda işğalçı Ermənistanın xalqımıza qarşı törətdiyi vəhşilik qətiyyətlə pislənilir.
 
Mərhəmtli və Bağışlayan Allahın adı ilə!
 
Son günlər Qarabağ bölgəsindən narahatedici xəbərlər yenidən qəlbləri və diqqətləri İslam dünyasının bir parçası olan bu bölgəyə cəlb edib. Bölgənin illər öncə zalımcasına işğalından sonra burada müharibə odu yenidən alovlandı, məzlum müsəlmanların qanı axıdıldı, bəzi insanlar ev-eşiklərindən didərgin düşdülər. Bütün bu cinayətlərin məsuliyyəti ilkin səbəbkarın, yəni işğalçıların üzərindədir.
  Fələstin və digər İslam torpaqları kimi Qarabağın da azad edilməsinə dəstək vermək bütün müsəlmanların borcudur. Biz də öz növbəmizdə bu dəstəyi açıq şəkildə bəyan edir, bu bölgənin tamamilə azad edilərək İslam dünyasına qaytarılması ilə nəticələnəcək istənilən növ vasitəçiliyi, danışıqlar aparılmasını və qərar qəbul edilməsini lazım bilirik.
  Yeri gəlmişkən, möhtərəm Azərbaycan Respublikasının hakimiyyəti Qurani-Kərimin “Zalımlara arxalanmayın” ayəsinin göstərişinə əməl edərək yalnız öz maraqlarını güdən, müsəlmanların qanının axıdılmasını halal hesab edən, müsəlman ölkələrində fitnə törədən işğalçı və qəsbkarların əvəzinə öz həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının haqlarını tələb etsinlər.
  Bütün səmavi kitablar, ilahi peyğəmbərlər, xüsusi ilə Həzrət İsanın (Allahın salamı olsun ona, peyğəmbərimizə və ailəsinə) təlimlərində zülm və qəddarlıqdan uzaq durmaq, məzluma yardım göstərilməsi ilə bağlı göstərişlər yer almışdır. Buna görə də bütün xristianlar yaraşan budur ki, Ermənistan hakimiyyətinə öz vəzifələrinə əməl etməsi ilə bağlı tövsiyə verərək bu ilahi dinin ardıcıllarının ətəyini zülm və işğalçılıqdan təmizləyib dünyanın mömin Allahpərəst insanlarının ürəklərini bir-birinə yaxınlaşdırsınlar, onları zülm və qəddarlığın acı nəticələrindən çəkindirsinlər. Çünki Allah buyurmuşdur: “Zalımlar qayıdacaqları yerin hara olduğunu tezliklə biləcəklər”.
            Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun!  
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 656