Türkiyə prezidentinin də iştirakı ilə keçirilən açılış mərasiminə qatılan Şeyxülislam iştirakçılar önündə çıxış edib.

19.10.2020
 
“Camilərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq”.
Türkiyə prezidentinin də iştirakı ilə keçirilən açılış mərasiminə qatılan Şeyxülislam iştirakçılar önündə çıxış edib.
Bütün Qafqazın Şeyxin çıxışı zamanı deyib ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı əbədidir və heç bir qüvvə illərin sınağından keçən bu iradə gücünü, türk qətiyyətini, milli vəhdəti sarsıda bilməz:
“Qafqaz müsəlmanları, Azərbaycan dindarları və şəxsən öz adımdan Zati-möhtərəmlərinizə salamlarımı və xeyir-dualarımı yetirir, Allah-taaladan cümlə müsəlman ümmətinə xeyirli fəaliyyətlər arzulayıram. Biz İstanbulun və bütün türk dünyasının incisi sayılan Aya Sofiyanın ibadətə açılışını cani-könüldən təqdir etdiyimiz kimi, bu gün də İsam dünyasının elm və irfan mərkəzi olacaq İbn Haldun Külliyəsinin açılışına dəvət aldığımıza görə dərin təşəkkürlərimizi bildirir, bütün savab fəaliyyətlərin millətlərimiz və dövlətlərimiz üçün xeyirlərə vəsilə olmasını diləyirik. Bu möhtəşəm açılış mərasimində iştirak edənlər Azərbaycanın Qarabağ mücadiləsindən xəbərdardır. Dövlət rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev cənablarının başçılığı ilə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı, təcavüzə məruz qalmış ərazilərimizi, zəbt edilmiş məscidlərimizi işğaldan azad etmək əzmindəyik və əminik ki, 30 illik müsibətlərimiz tezliklə sona yetəcək, haqq və ədalət zəfər çalacaqdır, inşallah. Bizim üçün çox çətin və məsuliyyətli bir dönəmdə qardaş Türkiyə dövlətinin, sayın Cümhurbaşkanı Ərdoğan həzrətlərinin, bütün Türkiyə xalqının Azərbaycana göstərdiyi qardaş sevgisi, uzatdığı dost əli və arxalandığımız millət dəstəyi, camilərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq, xeyir-duaları hər zaman Türkiyə dövlətinin və xalqının rifah və əmniyyəti üçün olacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin onlayn çıxışı bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı əbədidir və heç bir qüvvə illərin sınağından keçən bu iradə gücünü, türk qətiyyətini, milli vəhdəti sarsıda bilməz.
Bu gün “bir millət, iki dövlət” şüarını çəkinmədən dünyaya bəyan edən iki qardaş - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cənabları dünya tarixinə yeni bir şərəf səhifəsi yazır, yeni qəhrəmanlıq dastanı yaradırlar. Bu günlərdə Azərbaycanın qəlbi Türkiyə ilə bərabər döyünür, şəhərlərimizdə, kəndlərimizdə bayraqlarımız bərabər dalğalanır. Böyükdən kiçiyə qədər bütün Azərbaycan xalqı sizlər üçün dualar edir və mən də, Zati aliləri, sayın Cümhurbaşkanı Erdoğan həzrətləri, haqq savaşımızda, ədalət çağırışımızda bizə dəstək olduğunuz, əsl qardaş kimi arxa-dayaq durduğunuz üçün Uca Rəbbimə Türkiyə dövlətini, bütün türk dünyasını qoruması üçün dualar edirəm.
Mən bu möhtəşəm külliyənin açılış tədbirindəki iştirakımı tarixi baxımdan əlamətdar hadisə hesab edirəm.  Bu gün gənclərə - gələcəyin ictimai-siyasi xadimləri, hüquqçuları və filosofları olacaq İbn Haldun Universitetinin tələbələrinə bir Şeyxülislam, bir ata çağırışı etmək istəyirəm: Hər zaman Haqqın yanında olun! Unutmayın ki, Haqq – həmişə qalibdir, Zalim – həmişə məğlubdur! Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqı və dövlət başçımız, Zati-aliləri İlham Əliyevin adından Türkiyə Cümhuriyyətinin dövlət rəhbəri, Zati-aliləri Rəcəb Tayyib Ərdoğan cənablarına, əziz qardaşım, Diyanet İşleri Başkanı Ali Erbaş həzrətlərinə, burada iştirak edən və dostluğu, qardaşlığı bizim üçün əziz olan Bilal Ərdoğana minnətdarlığımı bildirir, dövlətlərimizin daim, qardaşlığımızın baqi olmasını Allah-təaladan raz-niyaz edirəm!”
 

Oxunub : 1437