Ukraynadakı müsəlmanlar Azərbaycanın haqq işini dəstəkləyir

 
19.10.2020
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin ünvanına dünyanın müxtəlif ölkələrindən məktublar gəlməkdə davam edir. Tanınmış din xadimləri, beynəlxalq qurumların rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı işləri dəstəkləyir, Ermənistanın dinc sakinlərimizə qarşı terror əməllərini qətiyyətlə pisləyir, Gəncənin, eləcə də digər şəhər və rayonlarımızın atəşə tutulmasını hərbi cinayət kimi qiymətləndirirlər.
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Baş Müfti, Şeyx Əhməd Təmim QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə göndərdiyi məktubda Azərbaycanda son günlər baş verənləri diqqətlə izlədiyini bildirib:
“Vəssalamu əleykum və rəhmətullahi və bərəkətuhu!
Bütün Qafqazın dini lideri, əziz qardaşım!
Sizi salamlayır və özümə arzuladığım ən yaxşı hissləri Sizə də diləyirəm.
Ölkənizdə baş verən son hadisələrlə bağlı mənə göndərdiyiniz 14.10.2020-ci il tarixli məktubu həyəcanla oxudum. Ukraynanın Müftisi olaraq öz adımdan və burada yaşayan müsəlmanlar adından bildirirəm ki, Dağlıq Qarabağ ətrafında gərginləşən hadisələrə görə dərindən narahatlıq hissləri keçirirəm. Qardaş Azərbaycan xalqına bu ağır sınaqdan şərəf və ləyaqətlə çıxmağı arzulayıram.   
Ukrayna müsəlmanları üçün dövlətlərin beynəlxalq ələmdə tanındığı ərazi bütövlüyünə hörmət prinsipial və dəyişməz məsələ olaraq qalır. Bu məsələdə Ukrayna Müsəlmanları Ruhani İdarəsinin mövqeyi dövlətimizin mövqeyi ilə üst-üstə düşür.
Mülki əhali arasında qırğına yol verməmək üçün tərəfləri problemin sülh və ədalətli həllinə çağırır, danışıqlar prosesində vasitəçilik etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.
 
 
 
 *Materiallardan istifadə zamanı sayta istinad zəruridir!

Oxunub : 667