Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Zati-aliləri Antoniu Quterreş cənablarına

 
 
13.10.2020
Zati - aliləri,
Sizi Azərbaycan və ümumən Qafqaz müsəlmanları adından salamlamaqdan şərəf duyur, cənabınıza yüksək ehtiramımı bildirirəm.
Fəaliyyətinə rəhbərlik etdiyiniz Birləşmiş Millətlər Təşkilatı dünyada sülhün və əmin-amanlığın qorunması, qaçqınlara, məcburi köçkünlərə, məzlum və ehtiyacı olan insanlara yardımların göstərilməsi, ekologiya, səhiyyə, su və ərzaq çatışmazlığı və s. problemlərinin həllinə önəmli töhfələr verən, bəşəriyyətin üzləşdiyi terrorizm, təcavüz, ekstremizm, ksenofobiya və digər təhdidlərlə mübarizədə önəmli rol oynayan bir nömrəli beynəlxalq Təşkilatdır. 
Ölkəmizin üzləşdiyi başlıca problem olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində də BMT, 27 il əvvəl prinsipial mövqe göstərərək, Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və işğala məruz qalmış ərazilərimizdən erməni hərbi birləmələrinin qeyd-şərtsiz çıxarılmasına çağıran 4 qətnamə qəbul etmişdir. Keçən dövr ərzidə bir sıra digər beynəlxalq təşkilatlar da bu təcavüzü qınayan, istər siyasi, istərsə də iqtisadi və humanitar səciyyəli qətnamələr qəbul etmiş, lakin, təssüf ki, bütün qeyd olunan qətnamələr və qərarlar kağız üzərində qalmışdır.
Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan, bölgədə və dünyada multikulturalizm ideyalarının təşəkkül tapmasına, dinlər və sivilizasiyalar  arasında dialoqun qurulmasına dəyərli töhfələr vermişdir.
Əfsuslar olsun ki, dinc birgəyaşayış, tolerantlıq və multikulturalizm ənənələrinə həmişə sadiq olan Azərbaycan,    30 ildən artıq müddətdir ki, qonşu Ermənistanın ərazi iddialarına və hərbi təcavüzünə məruz qalmış, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozularaq 20 faiz torpaqlarımız zəbt edilmiş, bir milyondan artıq soydaşlarımız öz doğma, əzəli torpaqlarından didərgin düşmüşdür. Ermənistanın təcavüzü nəticəsində on minlərlə insan həlak olmuş, işğal olunmuş ərazilərimizdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni ekstremistləri tərəfindən törədilmiş soyqırım nəticəsində dinc əhalimiz, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər, o cümlədən 8 ailə tamamilə məhv edilmiş, bu şəhər yerlə-yeksan olunmuşdur.
Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın etmişdir. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi İslam dinində haram sayılan heyvanların tövləsinə çevirmək kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməmişlər.
Zati-aliləri,
Sizə məlumat vermək istəyirəm ki, təcavüzkar Ermənistan rejimi cari ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürmüşdür. Bu son hərbi təxribatlar xalqımızın səbrini tükətmişdir və Azərbaycan, öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etmək və zəbt olunmuş ərazilərini azad etmək əzmindədir.
Öz təcavüzkar siyasətini davam etdirən, BMT-nin və digər beynəlxalq təşkilatların məlum qətnamə və qərarlarına, habelə 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına məhəl qoymayan, onları  nümayişkarənə şəkildə pozan Ermənistan,  oktyabr ayının ilk günlərindən bu günədək, mülki əhalimizi hədəfə alaraq təmas xəttindən uzaq məsafələrdə yerləşən şəhərlərimizi və yaşayış məntəqələrimizi intensiv ağır artilleriya atəşinə tutmuş, bunun nəticəsində 5-i azyaşlı uşaq olmaqla, 41 dinc sakinimiz həlak olmuş, 205-ü yaralanmış, 146 mülki obyekt, 57 çoxmənzilli bina və 1200-ə qədər fərdi yaşayış evi dağıdılmışdır.
Zati-aliləri,
Bildiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə cari ilin 9-10 oktyabr tarixlərində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən müvəqqəti humanitar atəşkəs haqqında müvafiq sənəd imzalanmışdır. Lakin faktlar onu göstərir ki,  Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan, Moskva razılaşmalarını kobud şəkildə pozmuş, və öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirərək, 10-11 oktyabr tarixlərində hərbi əməliyyatların baş verdiyi bölgədən 80 km. aralıda yerləşən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncəni ağır artilleriya atəşinə tutmuş, əhalinin sıx yerləşdiyi şəhər mərkəzində yerləşən yaşayış evlərinə raketlərlə zərbə endirmişdir. Bunun nəticəsində 3 çoxmənzilli bina dağılıb, 4-ü qadın 9 nəfər mülki şəxs həlak olub, aralarında azyaşlılar olmaqla 39 yaralı var.
Zati-aliləri,
Dünyanın ən nüfuzlu beynəlxalq Təşkilatının rəhbəri kimi, dünyada sülhün və əmin-amanlığın, haqqın və ədalətin bərqərar olmasında məsuliyyət daşıyan, beynəlxalq hüququn prinsip və normalarına riayət edilməsinə cavabdeh qurum olaraq Sizə müraciət edərək, BMT tərəfindən göstərilən məsələlərə dair prinsipial mövqenin bildiriləcəyinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetiriləcəyinə, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar rejiminə qarşı müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağına ümid edirəm.
Fürsətdən istifadə edərək Zati-alilərinizi BMT-nin 75 illik yubileyi münasibətilə təbrik edir, bir daha ən yüksək ehtiramımı bildirirəm.
         Dərin hörmətlə,
Şeyxülislam Allahşükür PAŞAZADƏ
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 2149