Şeyxülislam Allahşükür Paşazadə dünyaya səslənir

 
13.10.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan, şanlı ordumuzun əks-hücuma keçərək bir çox yaşayış məntəqələrimizi mənfur düşmənin işğalından azad etməsi, Ermənistan silahlı qüvvətlərinin hərbi cinayətlər törədərək silahlı toqquşmalar xəttindən xeyli uzaqlıqda yerləşən Gəncə və digər şəhər və qəsəbələrimizin dinc əhalisinə qarşı ağır silahlarla atəş açması ilə davam edən hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət etmişdir.
Müraciətlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreşə, ATƏT-in fəaliyyətdə olan Sədri Edi Ramaya, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaşa, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətiyə, İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər Torkamana, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useyminə, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyibə, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə, İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İsaya, Küveyt Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuqa, Əfqanıstanın Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimiyə, Seneqal Prezidentinin xüsusi müşaviri Şeyx Məhəmməd Mənsur Niasa, İSESKO Baş direktoru Halit Erenə, Avropa-Türk İslam Birliyinin prezidenti Sərdar Çələbiyə, Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Əl-Mərzuqiyə, Mərakeş Vəqflər naziri Əhməd Taufiqə, Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamullaya, Pakistan Dini işlər və dinlərarası harmoniya naziri Nurul-Haqq Qədriyə, Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əliyə, Simon Vesental mərkəzinin başçısı Abraham Kuperə,  Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerə, ABŞ və Avropanın bir sıra digər yəhudi dini liderlərinə, ABŞ Xristian liderləri Birliyinin prezidenti Conni Mura, habelə Rusiya, o cümlədən, Şimali Qafqaz regionu, Qazaxıstan, Özbəkistan və Mərkəzi Asiyanın digər dövlətlərinin dini liderlərinə ünvanlanıb.
Müraciət məktublarında Şeyxülislam həzrətləri Ermənistanın Azərbaycana qarşı təcavüzünün 30 ildir, davam etdiyini qeyd edərək, deyib:
Əfsuslar olsun ki, dinc birgəyaşayış, tolerantlıq və multikulturalizm ənənələrinə həmişə sadiq olan Azərbaycan,    30 ildən artıq müddətdir ki, qonşu Ermənistanın ərazi iddialarına və hərbi təcavüzünə məruz qalmış, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozularaq 20 faiz torpaqlarımız zəbt edilmiş, bir milyondan artıq soydaşlarımız öz doğma, əzəli torpaqlarından didərgin düşmüşdür. Ermənistanın təcavüzü nəticəsində on minlərlə insan həlak olmuş, işğal olunmuş ərazilərimizdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni ekstremistləri tərəfindən törədilmiş soyqırım nəticəsində dinc əhalimiz, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər, o cümlədən 8 ailə tamamilə məhv edilmiş, bu şəhər yerlə-yeksan olunmuşdur.
Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın etmişdir. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi İslam dinində haram sayılan heyvanların tövləsinə çevirmək kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməmişlər.
Sizə məlumat vermək istəyirəm ki, təcavüzkar Ermənistan rejimi cari ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürmüşdür. Bu son hərbi təxribatlar xalqımızın səbrini tükətmişdir və Azərbaycan, öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etmək və zəbt olunmuş ərazilərini azad etmək əzmindədir.
Öz təcavüzkar siyasətini davam etdirən, BMT-nin və digər beynəlxalq təşkilatların məlum qətnamə və qərarlarına, habelə 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına məhəl qoymayan, onları  nümayişkarənə şəkildə pozan Ermənistan,  oktyabr ayının ilk günlərindən bu günədək, mülki əhalimizi hədəfə alaraq təmas xəttindən uzaq məsafələrdə yerləşən şəhərlərimizi və yaşayış məntəqələrimizi intensiv ağır artilleriya atəşinə tutmuş, bunun nəticəsində 5-i azyaşlı uşaq olmaqla, 41 dinc sakinimiz həlak olmuş, 205-ü yaralanmış, 146 mülki obyekt, 57 çoxmənzilli bina və 1200-ə qədər fərdi yaşayış evi dağıdılmışdır.
Bildiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə cari ilin 9-10 oktyabr tarixlərində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən müvəqqəti humanitar atəşkəs haqqında müvafiq sənəd imzalanmışdır. Lakin faktlar onu göstərir ki,  Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan, Moskva razılaşmalarını kobud şəkildə pozmuş, və öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirərək, 10-11 oktyabr tarixlərində hərbi əməliyyatların baş verdiyi bölgədən 80 km. aralıda yerləşən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncəni ağır artilleriya atəşinə tutmuş, əhalinin sıx yerləşdiyi şəhər mərkəzində yerləşən yaşayış evlərinə raketlərlə zərbə endirmişdir. Bunun nəticəsində 3 çoxmənzilli bina dağılıb, 4-ü qadın 9 nəfər mülki şəxs həlak olub, aralarında azyaşlılar olmaqla 39 yaralı var.”
Şeyxülislam həzrətləri ümidvar olduğunu bildirmişdir ki, onun müraciət etdiyi rəhbərlər və liderlər BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymayan, hərbi cinayətlər törətməyə davam edən Ermənistanın təcavüzkar rejiminə qarşı öz prinsipial mövqelərini bildirəcək, Azərbaycanın haqq mövqeyini dəstəkləyəcəklər.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1672