Qafqaz Müsəlmanları İdarəsinin sədri Masallıda şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib

20.07.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Anar İsgəndərov və rayon rəhbərliyi Masallı rayonunun Ərkivan qəsəbəsində, Ermənistan silahlı qüvvələrinin iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun mayoru Anar Novruzovun məzarını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid mayor Anar Novruzovun məzarı önündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Daha sonra ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin oğlu, qardaşları, yaxın qohumları iştirak ediblər.
Şəhid Anar Novruzovun ailə üzvləri bildiriblər ki, əzizlərini itirmək nə qədər çətin olsa da, bir o qədər şərəflidir, çünki Anar Vətən uğrunda, Azərbaycan torpaqlarının azad olunması uğrunda şəhid olub.
Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.
A.Paşazadə şəhid ailəsinin qayğıları ilə maraqlanaraq, Azərbaycan dövlətinin hər zaman onların yanında olacağını, onlara hər cür dəstək göstərəcəyini bildirib.
Bütün Qafqazın Şeyxi Masallıya səfəri çərçivəsində, həmçinin rayonun Çaxırlı kəndində 1944-cü ildə anadan olmuş Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Hacı Mirqiyas Təhməzovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə baş çəkərək onlara başsağlığı verib.
 
 

Oxunub : 269