Qafqaz Xalqları Ali Dini Şurasının toplantısı

 
27.02.2019
     Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə oldu. Respublikanın paytaxtı Çerkessk şəhərinin hava limanında Şeyxülislam A. Paşazadə və onu müşayiət edən şəxslər səmimi qarşılandı.
        Çerkesskə səfər çərçivəsində QMİ sədri A. Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edildi.  Şeyxülislam A.Paşazadəni səmimi salamlayan respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşdü. Azərbaycan prezidenti Zati-aliləri cənab İlham  Əliyevin salamlarını Qaraçay-Çərkəz respublikasının başçısı Rəşid Temrezova çatdıran A. Paşazadə xalqlarımız arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğu barədə danışan A. Paşazadə, XX əsrdə erməni ekstremistləri tərəfinfən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqəti çəkdi.
      Qaraçay-Çərkəz respublikasının başçısı R. Temrezov QMİ sədri A. Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə «Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə» ordeni ilə təltif etdi.
      Şeyxülislam A. Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi barədə respublika rəhbərinə məlumat verdi və bildirdi ki, bu dəfəki toplantı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunub. Şimali Qafqaz müsəlmanları əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev görüşdə iştirak etdi.
          Daha sonra Çerkessk şəhərində QXADŞ-nın növbəti iclası keçirildi. İclasda QMİ sədri A. Paşazadə  Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevi anadan olmasının 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi, bütün Qafqaz müsəlmanları, bölgə dindarları adından ona cansağlığı, uzun ömür və dəyərli fəaliyyətində yeni uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubilyara təbrik məktubunu oxuyan Şeyxülislam A. Paşazadə Zati-alilərinin təbriknaməsini və hədiyyəsini Müftiyə təqdim etdi.
              QXADŞ-nın üzvləri olan Şimali Qafqaz müftiləri adından Şimali Osetiya-Alaniya Müftisi Hacımurat Qatsalov, habelə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr çıxış edərək Müfti İ. Berdiyevin dini lider və Əlaqələndirmə Mərkəzinin sədri qismində fəaliyyətini qiymətləndirərək, xidmətlərini sadalayaraq ona gələcək işlərində uğurlar dilədilər. Azərbaycan nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı Hüseynbala Mirələmov Müfti İsmayıl Berdiyevin Azərbaycanla Qaraçay-Çərkəz xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi işinə verdiyi töhfələri hər iki xalqın yüksək dəyərləndirdiyini bildirərək, yubilyara ümumqafqaz əhəmiyyətli fəaliyyətində yeni nailiyyətlər dilədi.
       İclasda   QXADŞ-nın bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri Şeyxülislam A. Paşazadə çıxış etdi. Şuranın iclasında, həmçinin, cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edildi.
          RF Qaraçay-Çərkəz Respublikasına səfərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları H. Mirələmov, C. Paşazadə və H. Məmmədov iştirak etdilər. Səfər başa çatdı.
    
 QMİ-nin Mətbuat Xidməti
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1939