QMİ nümayəndə heyəti BƏƏ-də keçirilən Sülh Forumunda iştirak edib.

 
07.12.2018
QMİ sədrinin 1-ci müavini müfti Salman Musayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən “Müsəlman Cəmiyyətlərdə Sülhü Təşviq Forumu”nun 5-ci illik sessiyasında iştirak edib. Üç gün davam edən tədbir "Fəzilətlərin İttifaqı: Qlobal Sülh üçün Bir Fürsət" mövzusunda keçirilir. Forumda müxtəlif dinlərin 800-ə yaxın nümayəndəsi, beynəlxalq insan hüquqları təşkilatları, habelə beynəlxalq miqyaslı alimlər, mütəfəkkirlər və tədqiqatçılar iştirak edirlər. Forumun prezidenti Şeyx Abdulla bin Bəyyah çıxış edərkən qeyd edib ki, "forumun mövqeyi xalqlar arasında tolerantlıq və sülh içində birgə yaşayış dəyərlərinə, həmçinin bütün dinlərarası dialoqun təşviqinə əsaslanır". Bin Bəyyah həmçinin, " bu gün fərqli mədəni kökləri olar, dünyanın müxtəlif dinlərini və millətlərini təmsil edən iştirakçıları bu mühüm forumda bir yerdə görmək böyük xoşbəxtlikdir" deyib. Konfransda çıxış edən iştirakçılar Fəzilətlər İttifaqı dəyərlərinə əsaslanan əməkdaşlığın sülhün bərqərar olması, dinlərin siyasi məqsədlərlə istismar edilməsi üçün effektiv bir mexanizm yaratmağa kömək etdiyini vurğulayıblar. Bu gün Forum öz işini başa çatdırıb.
 
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1235