“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

 
 
 
İyulun 10-da Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmiləri, dini konfessiya, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir. Bütün dinlərin insanları daim sülhə, ədalətə, haqqa çağırdığını deyən Dövlət Komitəsinin sədri dini radikalizm və ekstremizmə qarşı mübarizənin bəşəri xarakter daşıdığını diqqətə çatdırıb. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qrupların meydana gəldiyini söyləyən M.Qurbanlı bunun təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verdiyini söyləyib. O, dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizənin Azərbaycan üçün də mühüm önəm kəsb etdiyini bildirib.
M.Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Dövlət Komitəsinin bu sahədə Baş Prokurorluq, Daxili İşlər və Müdafiə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər müvafiq dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Dini radikalizmə qarşı mübarizənin hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparıldığını deyən Dövlət Komitəsinin sədri dini ekstremizm və radikalizmə qarşı səmərəli mübarizə istiqamətində birgə səylərin müzakirə edilməsinin, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsinin, fəaliyyətinin əlaqələndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
M.Qurbanlı mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycanın nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biri olduğunu qeyd edib. “Bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilməsidir”, - deyə o vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məsul əməkdaşı Suad Mahmudov dini radikalizmə qarşı mübarizə tədbirləri barədə danışıb. O qeyd edib ki, DTX digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur. S.Mahmudov vurğulayıb ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.
Konfransın aktual mövzuya həsr edildiyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov təmsil etdiyi qurumun Dövlət Komitəsi ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər təşkil etdiyini vurğulayıb. Bu istiqamətdə atılan addımların fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunmasında əhəmiyyətli rola malik olduğunu deyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov müstəqilliyin ilk illərində ölkəmizdə dini sahədə təhdidlərin mövcud olduğunu, lakin məqsədyönlü siyasət nəticəsində qarşısının uğurla alındığını bildirib. R.Həsənov bu təhlükənin qarşısının alınmasını hüquqi və ideoloji müstəvidə aparılan mübarizə ilə əlaqələndirib. Nümunəvi dövlət-din münasibətlərinə, ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın bu gün dünyada tolerantlıq mühitinə görə örnək ölkələrdən biri kimi tanındığını qeyd edib.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində apardığı fəaliyyətə diqqət çəkib. Eyni zamanda, ölkədə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğunu, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunmasını müsbət hal kimi qiymətləndirib.
Təhsil Nazirliyinin sektor müdiri Firudin Həmzəyev yüksək təhsilli gənclərin radikal terrorizmin qarşısını almağa, ifşa etməyə qadir olduqlarını deyib. O, həmçinin milli mənəvi dəyərlərin təbliği istiqamətində təhsil müəssisələrində DQİDK ilə birgə keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov dini radikalizmin ailələr, xüsusilə uşaqlar üçün törətdiyi fəsadlardan bəhs edib, bu bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.
Ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində yaşadığını bildiriblər.
Konfrans işini müzakirələrlə davam etdirib.
 
 

Oxunub : 1629