Allahşükür Paşazadə həzrətləri İtaliyanın Azərbaycandakı səfirini qəbul etdi

  
   Noyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Auqusto Massarini onun xahişi ilə qəbul etdi.
              İtaliyanın ölkəmizdəki səfirini səmimi salamlayan QMİ sədri onu yeni təyin olunması münasibətilə təbrik etdi, qarşıdakı fəaliyyətində uğurlar dilədi. Səfir, öz növbəsində, Şeyxülislama qəbula görə təşəkkürlərini bildirərək, üç aylıq səfirlik fəaliyyəti ərzində ölkəmizlə tanışlığı barədə təəssüratlarını bölüşdü. İtaliyalı səfir dinin hər bir cəmiyyətin həyatında önəmli yer oynadığını vurğulayaraq, Azərbaycandakı dini-mənəvi həyatla bağlı müşahidə etdiyi reallıqlardan məmnun olduğunu bildirdi. Bu əsnada, Azərbaycanda dini sahədə  mövcud həyatın bütün dünya üçün əhəmiyyətli nümunə olduğunu bildirən səfir, ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında mövcud mehriban dostluq və əməkdaşlıq mühitini yüksək dəyərləndirdi.
            QMİ sədri dünyada müxtəlif sahələrdə, o cümlədən, mənəvi dəyərlər zəminində yaşanan böhranlarən fövqündə Azərbaycanda gerçək dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğunu olduqca böyük nailiyyət kimi dəyərləndirdi. O vurğuladı ki, bu, dövlətimizin siyasəti,  dövlət başçımızın mövqeyi ilə sıx bağlı bir məqamdır. Dünya üçün önəm kəsb edən, ümumbəşəri mənafelərə xidmət edən multikulturalizm və İslam həmrəyliyi kimi qlobal ideyalar irəli sürən Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin fəaliyyətinin bu mənada aparıcı əhəmiyyətini xüsusi qeyd edən Şeyxülislam belə bir siyasətin dünya üçün, siyasət xadimləri üçün gözəl örnək olduğunu vurğuladı. Heydər Əliyevin bünövrəsini qoyduğu müdrik dövlət-din münasibətlərinin uğurla davam etdirilməsini, dini icmalara diqqət və qayğının hər zaman gündəmdə olmasını bu uğurların bariz nümunəsi kimi səciyyələndirən Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud dini konfessiyalar, onların rəhbərləri arasında dostluq və qardaşlığın konkret nümunələrini səfirin diqqətinə çatdırdı.
    Azərbaycanın tolerantlılq, multikulturalizm məkanı olaraq dinlər və mədəniyyətlərarası dialoqa dair qlobal forumlara mütəmadi evsahibliyi etməsinin beynəlxalq önəmi haqda danışan QMİ sədri, dövlət başçımızın elan etdiyi Multikulturalizm, ardınca İslam Həmrəyliyi illəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin ölkəmizdə və ölkə xaricində həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərç xüsusilə, bu yaxınlarda İspaniya Krallığında baş tutmuş Beynəlxalq Konfrans, habelə ilin sonunda Bakıda keçiriləcək yüksək beynəlxalq forum barədə barədə səfirə məlumat verdi.  Bu tədbirlərin doğurduğu rezonansın olduqca müsbət olduğunu bildirən səfir bundan sonra  bu növ tədbirlərdə İtaliyanın yaxından iştirakı məsələsinin diqqətdə olacağını bildirdi. 
        Azərbaycanın katolik dünyası ilə əlaqələrinə toxunan QMİ sədri ölkəmizdə azsaylı katolik icması üçün yaradılan şərait barədə, onlar üçün inşa olunmuş nəfis katolik kilsəsi barədə məlumat verdi, Vatikana səfərlərini xatırlatdı, Azərbaycandakı katolik icma rəhbərinin, habelə Vatikanın yüksək səviyyəli nümayəndələrinin Azərbaycanda keçirilən tədbirlərdə yaxından iştirak etdiyini bildirdi. Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsindən danışan Şeyxülislam  2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası Fransiskin Azərbaycana səfərlərini yüksək dəyərləndirdi. Bu səfərlərin Azərbaycanın dünya miqyasında dinlərarası dialoq mədəniyyətinə malik dövlət kimi yüksək dəyər almasının göstəricisi olduğunu vurğulayan Şeyxülislam ilk dəfə dünya katoliklərinin liderinin Bakıdakı Heydər məscidində dindarlarla, dini icma rəhbərləri ilə görüşməsi, buradan dünyaya mesajlarını çatdırması, dinlərarası dialoq məkanı, nümunəvi tolerantlıq mərkəzi kimi Azərbaycana verilən dəyər idi.
        QMİ-nin fəaliyyəti barədə maraqlanan səfir Azərbaycanla İtaliya arasında mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduqlarını diqqətə çatdırdı və səfir olaraq bunun üçün səylərini əsirgəməyəcəyini bildirdi.
           Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olundu.
 
QMİ-nin Mətbuat Xidməti 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1896