Şeyxülislam Misirin və Əfqanıstanın səfirlərini qəbul etdi

 
 
Səmimi şəraitdə keçən görüşdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan-Misir əlaqələrinin yüksək səviyyəsi, mədəni-mənəvi sahədə mövcud qarşılıqlı əlaqələr barədə danışdı. Şeyxülislam həzrətləri qeyd etdi ki, ölkələrimiz arasında mövcud olan tarixi əlaqələr və mənəvi yaxınlıq dini-mənəvi əlaqələrimizin inkişafına da öz müsbət təsirini göstərir. Sovetlər dönəmindən başlayaraq Misir Ərəb Respublikasına etdiyi səfərləri xatırlayan Şeyxülislam A. Paşazadə Misir xalqının tarixi irsə sadiqliyini, öz müqəddəratının təyin edilməsində fəallığını yüksək dəyərləndirdiyini bildirdi. Misirin tanınmış din xadimləri ilə bağlı xatirələrini bölüşən QMİ sədri xanım səfirə bu ölkədə keçirilən mötəbər beynəlxalq dini tədbirlərdə iştirakı barədə danışdı. Əl-Əzhar şeyxləri ilə ünsiyyətlərini məmnunluqla qeyd edən Şeyxülislam A. Paşazadə bu ali dini mərkəzlə gələcəkdə əlaqələrin inkişaf etdirilməsini əhəmiyyətli saydığını dilə gətirdi. QMİ sədri Əl-Əzhar şeyxinə salamlarını və onu gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görmək istəyini çatdırmağı səfirdən rica etdi.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqət barədə səfiri məlumatlandıran Şeyxülislam A. Paşazadə müstəqillik dövründə Azərbaycanda bərpa edilən, yenidən qurulan məscidlər və ibadətgahlar barədə danışdı. O, Dağlıq Qarabağda terrora məruz qalmış tarixi və dini abidələrimiz barədə məsələyə toxunaraq, bu işdə bütün islam dünyasının bir mövqedən çıxış etməsinin vacibliyinə diqqəti çəkdi.
Səmimi qəbula görə təşəkkürünü bidirən Misir səfiri QMİ sədri ilə görüşünə xüsusi önəm verdiyini vurğuladı. Müsəlman aləmində nüfuz və ehtiram sahibi olan Şeyxülislam A. Paşazadənin Misirdə də yaxşı tanındığını bildirən xanım səfir onun qırx illik bir dövr ərzində Misirdə keçirilən tədbirlərdə iştirakını əhəmiyyətli hal kimi dəyərləndirdi. Azərbaycanda olduğu iki ay ərzində müşahidə etdiyi dinlərarası münasibətlərdəki tolerantlıq, müxtəlif məzhəb və dinlər arasında mövcud qardaşlıq və ehtiramdan çox məmnun olduğunu qeyd edərək ölkəmizdə aparılan quruculuq işlərinin miqyasından rəğbətlə söhbət açdı. Azərbaycan və Misir arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi yönündə bir səfir olaraq əlindən gələni əsirgəməyəcəyini bildirən xanım səfir, dini-mənəvi əlaqələrin inkişafı istiqamətində Şeyxülislamın dəstək və yardımına ümidlərini ifadə etdi. Səfir bildirdi ki, iki ölkənin dini mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı faydalıdır.
Şeyxülislam Allahşükür Paşazadə qarşıdan gələn Peyğəmbər Salavatullahın mübarək Mövludu münasibətilə bütün müsəlmanları təbrik etdi və xanım səfirdən öz təbriklərini Misir xalqına çatdırmağı xahiş etdi. Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.
*****
 Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycan və Əfqanıstan xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışdı, bu əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirdi və bu istiqamətdə fəaliyyətində səfirə uğurlar arzuladı. Əfqan xalqının mərd, imanlı olduğunu vurğulayan QMİ sədri bu xalqa öz müqəddəratının həllində, sülh, sabitlik və rifaha qovuşmaqda uğurlar dilədiyini bildirdi.
Qəbula görə dərin təşəkkürlərini bildirən səfir Şeyxülislam A. Paşazadənin təkcə Azərbaycan və bölgədə deyil, bütövlükdə İslam aləmində tanınmış şəxsiyyət olduğunu və onunla görüşə böyük önəm verdiyini diqqətə çatdırdı. Səfir bildirdi ki, əfqan xalqı da QMİ sədrinə ehtiram bəsləyir və onun uzun onulliklər boyu mötəbər beynəlxalq tədbirlərin tribunasından əfqan xalqının problemlərini xatırlatmasını, dünya ictimaiyyətinin diqqətini bununla bağlı məsələlərə yönəltməsini yüksək dəyərləndirir. Səfir ölkəsinin beynəlxalq terror təşkilatlarının əməllərindən xeyli əziyyətlərə düçar olduğunu qeyd edərək, əhali arasında məzhəblərarası münaqişənin yaşanmasına yol verməmək üçün göstərilən səylərdən söhbət açdı.
Azərbaycanda mövcud multikultural dəyərləri, dinlər, məzhəblərarası münasibətlərdə hökm sürən tolerantlıq, qarşılıqlı ehtiram mühitini gözəl örnək kimi dəyərləndirən səfir, bu işdə Şeyxülislamın da böyük rolunun olduğunu bildirdi. O, Əfqanıstanın mötəbər din xadimlərinin Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqələrinin qurulması vacibliyini vurğulayaraq, bu işdə səfir kimi əlindən gələni əsirgəməyəcəyini dedi.
Şeyxülislamın iqamətgahında keçirilən İftar mərasimində iştirakını məmnunluqla xatırlayan əfqanıstanlı səfir, orada səsləndirilən fikirlərin bütün müsəlmanlar üçün önəm kəsb etdiyini bildirdi. Azərbaycanda fəaliyyətdə olduğu bir il ərzində QMİ tərəfindən keçirilən konfrans və tədbirləri yaxından izlədiyini, AMEA ilə birgə keçirilən tədbirdə şəxsən iştirak etdiyini qeyd edən səfir, Azərbaycanın dini mərkəzinin islam maarifçiliyi, islam həmrəyliyi və dini-mənəvi dəyərlərin qorunması istiqamətində səylərini yüksək qiymətləndirdiyini bildirdi.
Görüşün sonunda xatirə hədiyyəsi təqdim olundu.
 
QMİ-nin Mətbuat Xidməti
 

Oxunub : 2322