"Kəşfül-Həqayiq" əsərinin yeni nəşri

 Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin yeni nəşri həyata keçirilmişdir. Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan bu əsər üç cilddə müasir üslubda nəfis şəkildə çap edilmişdir. Nəşrin baş məsləhətçisi QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab ərəb qrafikasından latın qrafikasına Əli Fərhadov tərəfindən transliterasiya edilmiş və Abbas Qurbanov tərəfindən nəşrə hazırlanmışdır.
Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq” (Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi) adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynəlabidin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olumuşdur. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaratmış və müəllifə böyük şöhrət qazandırmışdı.
Kitabın Təqdimat hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən Şeyxülislam A. Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətə layiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulamışdır. 
Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilmiş, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunmuşdur.
 

Oxunub : 918