Bibiheybət

Bakıdan 4-5 km aralıda, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscidi Azərbaycanda mövcud olan müqəddəs ziyarətgahlardan biridir. Burada İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbri yerləşir.
Bibiheybət məscidi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. 1281-1282-ci illərdə tikilən məscidin divarındakı tarixi kitabələrdə onun memarının Mahmud ibn Sədi olduğu qeyd edilib.
Kitabədə belə bir qeyd də vardır: “Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlərin əmirinin köməkçisi Əbülfəth Fərruxzad Axsitan özünə rəva görmüşdür.
Allah onun hakimiyyətini ucaltsın”.
Mənbələrdə göstərilir ki, təqiblərdən qurtulmaq məqsədilə Bakıya pənah gətirən və hazırda “Bibiheybət” adlanan yerdə məskunlaşan Xanım Həkimə (digər oxunuşa görə Hükeymə) heç vaxt ailə həyatı qurmamış, bütün ömrünü qardaşı uşaqlarına həsr etmişdir. Deyilənə görə, Bakıda o Xanımın (ə) etibar etdiyi yeganə adam Hacı Bədir adlı bir şəxs olub. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin bir tacir imiş. Elə “Bibiheybət” sözünün də onun adı ilə bağlı olduğu bildirilir. Belə ki, Hacı sözünün birinci hərfi ərəb dilində “hə” ilə başlayır. Bədir sözünün birinci hərfinin adı isə “bə”dir. Necə ki, “əlifba” sözü ərəb dilində birinci və ikinci hərfin adından ibarətdir (əlif və ba). Beləliklə, Hacı Bədirin adının baş hərflərinin oxunuşu ilə “Heybə(t)” adı ərsəyə gəlib. Xanım Həkiməyə (ə) insanlar “bibi” deyə müraciət edirdilər. Sonralar bu məscid "Bibiheybət" adı ilə ziyarətgah kimi tanınmışdır.
Xanım Həkimə (ə) dünyasını dəyişdikdə, elə indiki Bibiheybətin ərazisində yaşayış məskəni olmadığı bir yerdə dəfn edilib. Hacı Bədir - Heybət isə öz arzusu ilə o Xanımın (ə) ayaq tərəfində dəfn edilib. Bu, azərbaycanlı Hacı Bədirin İmamın (ə) qızına olan sədaqət və məhəbbətinin təzahürü idi.
 
 
 
 
Bu məkan əsrlər boyu Əhli-Beyt (ə) aşiqlərinin müqəddəs ziyarət yerinə çevrilmişdir.
“Pir” kimi tanınan ziyarətgahın adı ilə bağlı günümüzə qədər gəlib çatan bir çox rəvayətlər nəql edilmişdir. Rəvayətlərdən birinə görə, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının şairə qızı Xurşidbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olarsa, pirə yol çəkdirəcək və bir müddət sonra xanımın nəziri qəbul edilir, o, övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla pirə gəlir...
Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun başdaşı Tarix Muzeyində saxlanılır.
Arxiv sənədlərinə görə, 29 avqust 1935-ci ildə Mərkəzi İcra Komitəsinin qərarı ilə bu müqəddəs ziyarətgah bağlanmış, sentyabrın 25-də sökülməsi haqqında qərar verilmiş və 1937-ci ildə məscid partladılmışdır. Bundan sonra burada Zəfər alaqapısı tikilmişdir.
1990-cı ildə hökumət orqanlarına xahişlə müraciət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çətinliklə də olsa, məscid tikintisi üçün torpaq sahəsi ayrılmasına nail olmuşdur. Nəhayət, 1991-ci ildə darmadağın edilmiş məscidin bünövrəsi aşkar edilmişdir. 1995-ci ildə isə Zəfər alaqapısı sökülərək yerində Xanım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazımın (ə) üç nəvəsinin və Hacı Heybətin qəbirləri aşkar edilmişdir.
Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev məscidin yenidən tikilməsi barədə sərəncam imzalamış və məscidin bərpası üçün dövlət büdcəsindən 3 milyard manat ayrılmışdır. 1997-ci il iyulun 23-də, Həzrət Peyğəmbərin (s) mübarək Mövluduna təsadüf edən gündə Bibiheybət məscidinin tikintisinə başlanılmış, cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılmışdır. Beləliklə, bu möhtəşəm ziyarətgah kompleks Prezident İlham Əliyevin və Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə açılıb dindarların ixtiyarına verilmiş, Bakımız isə daha bir gözəl memarlıq abidəsinə sahib olmuşdur.
Klassik Şərq üslubunda tikilən əzəmətli Bibi-Heybət ziyarətgahının daxili hissəsi bütünlüklə ağ mərmərlə işlənilib. Məsciddə 2 minarə ucaldılıb və minarələrdən biri Ulu Öndər Heydər Əliyevin adına “Heydər minarəsi” adlanır.
Bibiheybət məscidində eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür.

Oxunub : 11320