15 DEKABR 2024
Xanım Məsumənin (ə) məqbərə kompleksi – Qum, İran
Həzrət İmam Museyi-Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) məqbərəsi Qum şəhərinin mərkəzində yerləşir.
Qeyd edək ki, bu müqəddəs ziyarətgah kompleksi İslam mədəni bölgəsinin nəfis sənət və memarlıq nümunəsi xəzinələrindən hesab olunur. Buranın ən qədim tarixi əsəri Elxanilər (XIII əsr) dövrünə təsadüf edir.
İmam Rzanın (ə) bacısı Xanım Məsumə (ə) Əhli-Beyt (ə) mənsublarına edilən təqiblər nəticəsində Mədinə şəhərini tərk edərək qardaşı İmam Rza (ə) ilə görüşmək üçün Mərv şəhərinə doğru yollanır. O Xanım (ə) Qum yaxınlığında xəstələnir və Xanımı (ə) Quma çatdırırlar. Lakin çox keçmir ki, Xanım Məsumə (ə) dünyasını dəyişir və oradaca dəfn edilir, bir müddət sonra isə qəbri üzərində məqbərə kompleksi ucaldılır. O vaxtdan həmin məqbərə Əhli-Beyt (ə) aşiqlərinin ziyarət məkanına çevrilir.
Xanım Məsumənin (ə) ziyarətgah kompleksi Hicri tarixi ilə II əsrin sonunda yaradılır. Əvvəlcə sərdabə şəklində olan məqbərə getdikcə genişləndirilir və burada böyük məqbərə kompleksi yaradılır. 1135-ci ildə sərdabənin üzərində günbəz düzəldilir. Hazırdakı məqbərə kompleksi isə 1515-ci ildə Şah İsmayıl Səfəvinin əmri ilə tikilir.
Xanım Məsumənin (ə) məqbərəsi ətrafında məşhur din alimləri, müctəhidlər və ariflərin, o cümlədən ədib və şairlərin qəbirləri vardır.
Məşhur “Feyziyyə” mədrəsəsi və “Əzəm” məscidi Xanım Məsumə (ə) məqbərəsinin yanında inşa edilmiş ən möhtəşəm tarixi abidələrdəndir.
Ənənəyə görə, Həzrət İmam Rzanı (ə) ziyarət etməzdən əvvəl ziyarətçilər Quma gəlib Xanım Məsumənin (ə) məqbərə kompleksini ziyarət edirlər. Elə bu ziyarət kompleksinin şəninə həmin yerdə böyük şəhər – Qum şəhəri ərsəyə gəlmişdir. Burada çoxlu dini təsisatlar, xüsusilə dini-elmi hövzələr – İslam elmlərini tədris edən akademik təhsil ocaqları yaradılmışdır.
Hazırda Xanım Məsumə (ə) ziyarətgah kompleksində bir neçə məscid və böyük mədrəsə fəaliyyət göstərir. Bu mədrəsədə dünyanın əksər ölkələrindən, o cümlədən də Azərbaycandan gəlib dini elmlər sahəsində təhsil alan tələbələr var.
Günümüzdə Qum şəhəri şiə müsəlmanların dini-elmi mərkəzlərindən hesab edilir.
Oxunub : 6293