11 DEKABR 2024
İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) məqbərə kompleksləri – Kazimeyn, İraq
Bağdad şəhərinin şimal məhəllələrində yerləşən Kazimeyn məntəqəsində iki Əhli-Beyt İmamının (ə) – İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) məqbərə kompleksləri yer alır. Bu məkanlar əsrlərdən bəri müsəlmanların ən məşhur ziyarət ocaqlarından hesab edilir.
Kazimeyn şəhəri Kazimiyyə də adlandırılır. Buranın belə adlandırılması elə Həzrət İmam Museyi-Kazımın (ə) adı ilə bağlıdır.
Kazimeyn Dəclə çayının qərb sahilində yerləşir və bu çay Kazimeyn ilə Əzəmiyyə yaşayış məntəqələrinin arasından axaraq bu iki şəhəri bir-birindən ayırır.
Qeyd edək ki, görkəmli azərbaycanlı alim Nəsirəddin Tusi də Kazimeyndə dəfn edilib.
Həzrət İmam Museyi-Kazım (ə)
İmam Museyi-Kazım (ə) On iki Əhli-Beyt İmamının (ə) yeddincisidir. O Həzrət (ə) Miladi təqvimlə 745-ci ildə dünyaya gəlib və 799-cu ildə, 54 yaşında şəhid edilib.
İmam Museyi-Kazım (ə) xəlifə Harun ər-Rəşidin göstərişi ilə Mədinədən Bağdad şəhərinə gətirilmiş, 795-ci ildə orada zindana salınmışdır. Uzun müddət zindan həyatı yaşamış İmam (ə) 799-cu ildə xəlifənin göstərişi ilə Sindi ibn Şahək adlı zindanban tərəfindən zəhərlənərək şəhid edilmişdir.
Həzrət İmam Məhəmməd ət-Təqi (ə)
Muhəmməd ət-Təqi (ə) – On iki Əhli-Beyt İmamının (ə) doqquzuncusudur. İmam Cavad (ə) adı ilə də tanınır. O Həzrət (ə) Miladi təqvimlə 811-ci ildə Mədinədə dünyaya gəlib və 835-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində 25 yaşında şəhid edilib.
İmamın (ə) şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunub. Tarixçi İbn Şəhraşubun yazdığına görə, Abbasi xəlifəsi Mötəsim İmam Muhəmməd ət-Təqiyə (ə) qarşı bəslədiyi kin-küdurət üzündən İmamın (ə) xanımı Ümmü-Fəzli o Həzrəti (ə) öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü-Fəzli İmamı (ə) zəhərləyib şəhid etməyə vadar etdi. İmam Muhəmməd ət-Təqi 220-ci Hicri ilinin Zil-hiccə ayının 6-da, çərşənbə axşamı günü, 25 yaşında ikən şəhid olundu. Pak bədəni babası İmam Museyi-Kazımın (ə) qəbrinin yanında torpağa tapşırıldı.
Oxunub : 7267