"Peyğəmbər məscidi" - Mədinə şəhəri və Bəqi məzarlığı

 Həzrət Muhəmməd peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən sonra ilk əhəmiyyətli işlərdən biri də Mədinədə bir məscid inşası olmuşdur. Həzrət Peyğəmbər (s) tərəfindən şəxsən inşa etdirilən və buna görə də “Peyğəmbər məscidi” adını alan bu ibadət evi eyni zamanda, Rəsulullahın (s) Mədinədəki bütün fəaliyyətlərinin mərkəzinə çevrilmişdir. Məscid sadə olmasına baxmayaraq son dərəcə funksional şəkildə inşa edilmiş, sütunları xurma kötüklərindən, çardağı isə xurma budaqlarından ibarət olmuşdur.
“Peyğəmbər məscidi”nin divarları daşlardan, Həzrət Muhəmmədin (s) yaşadığı və məscidin tam yanında yerləşən evi isə kərpicdən hörülmüşdür.
Məscidin minbəri və mehrabı olmamış, buna görə də Peyğəmbər (s) cümə xütbələrini bir ağac kötüyünün üstündən oxumuşdur.
“Peyğəmbər məscidi” faktiki olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab edilmişdir.
Miladi təqvimlə 632-ci ildə Həzrət Muhəmməd (s) dünyasını dəyişdikdə hazırda “Peyğəmbər məscidi” kompleksinə daxil olan evində dəfn edilmişdir. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar ənənəvi olaraq Mədinəyə gələrək “Peyğəmbər məscidini” və orada dəfn edilən Həzrət Muhəmmədin (s) məzarını da ziyarət edirlər.
İslam alimlərinin ümumi fikrinə görə, “Peyğəmbər məscidi” dünyada ən mübarək üç məsciddən biri hesab edilir.
Qeyd edək ki, “Peyğəmbər məscidi” (ərəbcə: “əl-Məscid ən-nəbəvi”) adı ilə tanınan məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubu əsasında yenidən inşa edilmiş, ərazisi genişləndirilmişdir.
Günümüzdə burada eyni vaxtda 650 000 müsəlman birgə ibadətlə məşğul ola bilir.
 
 
 
 
 
Bəqi məzarlığı - Mədinə şəhəri
Bəqi məzarlığı Mədinə şəhərində, “Peyğəmbər məscidi”nin yanında yerləşir. Burada dörd Əhli-Beyt İmamı (ə) - İmam Həsən (ə), İmam Səccad (ə), İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə), eləcə də Həzrət Peyğəmbərin (s) övladı İbrahim (ə), əmisi Abbas bin Əbdülmüttəlib, xanımları və başqa tarixi şəxsiyyətlər dəfn edilmişlər.
Bəqi məzarlığında həmçinin, xəlifə Osman bin Əfvan və digər səhabələr, Peyğəmbərin (s) süd anası Həlimeyi-Sədiyyə, bibiləri - Atikə və Səfiyyə, Həzrət Əbülfəzl Abbasın (ə) anası Ümmül-Bənin, İmam Cəfər Sadiqin (ə) böyük oğlu İsmail, görkəmli simalardan - Miqdad, Muhəmməd Hənəfiyyə, Səd bin Müaz, Əbu Əyyub Ənsari, Malik Əştər, Həzrət İmam Hüseynin (ə) xanımı Şəhrəbanu, İmam Malik ibn Ənəs, Şeyx Şamil və digər tanınmış şəxslər dəfn olunmuşlar.
Bir rəvayətə görə, Peyğəmbər (s) səhabələrindən 10 min nəfərə yaxın şəxs məhz bu məzarlıqda dəfn edilib.
Rəvayətlərə görə, Həzrət Peyğəmbərin (s) sevimli qızı Xanım Fatimeyi-Zəhranın (ə) məzarı “Peyğəmbər məscidi” ilə Bəqi qəbiristanlığı arasındakı məkandadır. Lakin o Xanım (ə) gizli dəfn edildiyindən məzarın dəqiq yeri məlum deyil.
Tarixi mənbələrə görə, Bəqi məzarlığı bir neçə dəfə dağıdılmış və yenidən bərpa edilmişdir.
Hazırda Həzrət Peyğəmbərin (s) məscid və məqbərəsini ziyarətə gələn zəvvarlar Bəqi məzarlığını da ziyarət edirlər.

Oxunub : 14970