Həyat yolu və fəaliyyəti

 
Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Azərbaycan Respublikası Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. O, orta məktəbdə oxumaqla yanaşı yerli ruhanilərdən dini təhsil almağa müvəffəq olmuşdur. 1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində təhsilini başa vuran Allahşükür Paşazadə, 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnmişdir.
 
 
 
 
 
 
 
 
 
 
Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmış, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilmişdir. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək Şeyxülislam rütbəsi almışdır, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Fəaliyyəti 
 
Sovet dövründə
 
 
Şeyxülislamlıq dönəminin ilk çağları sovet rejiminin gərgin illərinə təsadüf etdiyindən, Allahşükür Paşazadə müxtəlif siyasi hadisələrin real şahidi və aktiv iştirakçısı olmuşdur. SSRİ dönəmində ölkədə cəmi dörd müsəlman ruhani idarəsi mövcud idi: Orta Asiya və Qazaxıstan müsəlmanlarının Ruhani İdarəsi (Daşkənd), Şimali Qafqaz və Dağıstan müsəlmanları Ruhani İdarəsi (Mahaçqala), SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanları Ruhani İdarəsi (Ufa) və Bakıda yerləşən Zaqafqaziya müsəlmanları Ruhani İdarəsi (ZMRİ). Bu dörd idarələrdən üçü Sovet imperiyasının dağılmasından sonra baş verən hadisə və dəyişikliklərə davam gətirməyərək dağılmaq və ya forma dəyişdirmək zərurətində qaldı. Yalnız ZMRİ Şeyxülislam Allahşükür Paşazadənin bölgədəki nüfuzu və şəxsi məziyyətləri sayəsində nəinki özünün mahiyyətini dəyişmədi, hətta daha da genişlənərək, möhkəmlənərək regionun ən güclü dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinə çevrildi.

Şeyxülislam Allahşükür Paşazadə SSRİ-nin bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında Rəyasət Heyətinin üzvü olan yeganə din xadimi kimi təmsil olunurdu. O, Sovet Sülhü Müdafiə Komitəsinin (sədr akad. Y.Fyodorov), Sovet Sülh Fondunun (sədr A.Karpov), Sovet Uşaq Fondunun (sədr A.Lixanov), Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin (sədr M.İbrahimov), Xarici ölkələrlə dostluq və mədəni əlaqələr üzrə Sovet cəmiyyətləri Şurasının (sədr V.Tereşkova), SSRİ Ali Soveti Millətlər Şurasının (sədr R.Nişanov) rəyasət üzvü kimi tez-tez xarici ölkələrdə səfərlərdə olur, ölkənin siyasi və ictimai-mədəni həyatında fəal rol oynayırdı.
Sovet ordusunun Əfqanıstana qoşun yeritdiyi illərdə o, dəfələrlə Əfqanistana gedib oradakı siyasi və ruhani liderləri ilə şəxsən danışıqlar apararaq 200 nəfərdən çox müsəlman əsilli sovet əsgərlərinin əsirlikdən azad edilməsinə nail olmuş, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi şöhrət və nüfuz qazanmışdı.
Şeyxülislam A.Paşazadənin təşəbbüsü və İslam Konfransı Təşkilatının himayəsi ilə 1986-cı ildə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilmiş, konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak etmişdir. Təşkilatçılıq qabiliyyəti yüksək dəyərləndirilən Şeyxülislam həzrətləri 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçilmişdir. 1988-сi ildə A.Paşazadə SSRİ-nin “Xalqlar dostluğu” ordeni ilə təltif olunur. Sovet dövlətinin yüksək mükafat və təltifatlarına baxmayaraq, Şeyxülislam həzrətləri vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sədaqətini hər zaman ləyaqətlə nümayiş etdirmiş, bu münasibət özəlliklə 1989-cu ildə BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilən 45-ci sessiyasındakı çıxışında öz əksini tapmışdır.
 
 
Müstəqil Azərbaycan dövründə
 
Şeyxülislam Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimidir. Həmçinin 1990-95-ci illərdə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk Milli Məclisində Naxçıvan seçki dairəsindən XII çağırış millət vəkili olmuşdur. Onun həm sovet, həm də müstəqillik dönəmində Ali qanunverici orqanlarda millət vəkili kimi təmsil olunması xalqın öz din rəhbərinə olan yüksək etimadının göstəricisi kimi dəyərləndirilmişdir.
1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İKT - İslam Konfransı Təşkilatının (indiki adı ilə İƏT - İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi. Nəzərə almaq lazımdır ki, Sovet dövləti hələ süqut etməmişdi və ateist ideologiyanın hakim olduğu bir dönəmdə Konfransın Dakar zirvə toplantısında Azərbaycanı böyük risk hesabına Şeyxülislam Paşazadə təmsil edirdi. Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və iyirmiyə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam həzrətləri Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail olmuşdu. Məhz həmin toplantıda
Pakistanın Baş Naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifi kimi tanınmışdır. Məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dönəmində yüzlərlə dini abidələrimiz həyata qaytarılmış, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa edilmişdir. Şeyxülislam həzrətləri Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından daha əhəmiyyətli bir tədbirə çevrilməsinə nail olmuşdur. Artıq Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin (ə) xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlər, nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi, xüsusən də dini liderlərin Moskvada Ümumdünya Sammitinin keçirilməsinə nail olması kimi xidmətlərinə və xeyriyyəçilik fəaliyyətinə görə 2006-cı ildə “ANS Şirkətlər Qrupu”nun təsis etdiyi “İlin Adamı” mükafatına layiq görülmüşdür.
 
 
Qanayan yaramız Qarabağ
 
 
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi, torpaqlarımıza qarşı anneksiya iddiaları, milyonlarla həmvətənlərimizin doğma yurdlarından zorla çıxarılması, Dağlıq Qarabağ və ətraf bölgələrdə müharibə vəziyyətinin yaranması Şeyxülislam Allahşükür Paşazadənin ictimai fəaliyyətinə sülh elçisi missiyasını da əlavə edir. O, həmin dövrdən etibarən bütün keçən müddət ərzində Azərbaycan həqiqətlərinin düzgün şəkildə tanıdılmasında aktiv mövqe tutur, Qarabağ problemini tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərdə müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır. Şeyxülislam Allahşükür Paşazadə Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirmiş, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmişdir. Münaqişənin dini müstəviyə keçməməsi üçün əlindən gələni əsirgəməyən Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montre (İsveçrə) şəhərində, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov, Moskva, Bakı, Tbilisi şəhərlərində çoxsaylı görüşlərdə iştirak etmiş, görüşlərin nəticələrinə dair imzalanan birgə bəyannamələrdə Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqamların yer almasına nail olmuşdur. Eçmiədzin erməni patriarxiyasının rəhbərləri katolikos I Vazgen və katolikos I Qareginlə keçirilən görüşlər, 1995-ci ildə Moskva və bütün Rusiya patriarxı II Aleksi, katolikos I Qaregin və Şeyxülislam Paşazadə tərəfindən imzalanan üçtərəfli “Moskva bəyannaməsi” sayəsində münaqişə bölgəsində əsirlərin, yaralıların və meyitlərin verilməsi barədə müəyyən razılaşma əldə edilmişdir. Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan Şeyxülislam Allahşükür Paşazadə bu gün də Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan Xocalı və Ağdaban (Kəlbəcər) qətliamına soyqırım statusu verilməsinə çağırır.
 
 
Qara yanvar hadisələri
 

 1990-cı ilin Qanlı yanvar hadisələri Şeyxülislam Allahşükür Paşazadənin tərcümeyi-halında kulminasiya nöqtəsi sayılmalıdır, çünki məhz o tarixi hadisələrin fövqündə - sovet ordusunun Bakıya daxil olması, dinc əhalinin qətlə yetirilməsi, yerli hakimiyyətin tam iflic vəziyyətinə düşməsi, ölkənin taleyinin qərarsızlığı dönəmində bir din xadiminin təhdid və təzyiqlərə baxmayaraq xalq kütlələrinə öncüllük etməsi, ölkəni xaos və qaraguruhdan xilas etməsi fenomenal tarixi fakt olaraq yaddaşlarda qalacaqdır. Sovet dövlətinin başçısı Mixail Qorbaçova ünvanlanan ittihamnamə, həmçinin BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına göndərilən müraciətlər Azərbaycanın müstəqillik tarixində imperiya siyasətini lənətləyən ilk manifest sayılmalıdır - faktiki olaraq, Moskvadan Bakıda törədilən dövlət cinayətinə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini ifşa edən Ümummilli lider Heydər Əliyev, Azərbaycandan isə M. Qorbaçova – azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq müraciət ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadədir.
 
 
 
 
 
Bütün Qafqazın şeyxi
 
 
Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, “Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir. 1999-cu ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, İslam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləmişdir.
 
 
 
 
 
 
Beynəlxalq miqyasda tanınan dini rəhbər
 

 Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək Yaxın Şərqdə və müsəlman dünyasında baş verən kütləvi qırğınlarala bağlı öz etiraz səsini ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. O, ABŞ ordusunun suveren Əfqanıstan və İraqa müdaxiləsini, Fələstin, Livan, Misir, Suriyada hərbi münaqişələri, terrorçu İŞİD qruplaşmasının törətdiyi cinayətləri, eləcə də təkfirçi zehniyyətə malik ideoloji cərəyanların təxribatını qətiyyətlə pisləmiş, din xadimi olaraq dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab etmişdir.
Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfransların yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı və multikultural münasibətləri ardıcıl təbliğ edir, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir. O, bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1998-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakıda “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dinə göstərdiyi qayğı bu konfransda rəğbətlə vurğulandı. Allahşükür Paşazadə həmçinin 2003-cü ildə “Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə “Qloballaşma və islam”, 2005-ci ildə “Qloballaşan dünyada islam”, 2006-cı ildə “Tolerantlığın örnəyi – Azərbaycan”, “İslamda dözümlülük”, 2013-cü ildə “MDB ölkələri sülh və stabil inkişaf tərəfdarıdır”, 2014-cü ildə “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)”, 2015-ci ildə “İslam maarifçiliyi və müasir dövr” mövzularında keçirilən beynəlxalq konfranslara rəhbərlik etmişdir.
Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri olan Allahşükür Paşazadənin təşkilatçılığı ilə 2002-ci ildə Tbilisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2004-cü ildə Moskvada Beynəlxalq dinlərarası sülhyaratma forumu, təşəbbüsü ilə 2006-cı ildə Dünya Dini Liderlərinin Moskva Sammiti, 2010-cu ildə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdir.
Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin UNESCO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli Məşvərət qrupunda Allahşükür Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü seçilmişdir. Xristian aləmində böyük nüfuz və ehtiram sahibi olan Allahşükür Paşazadə, eyni zamanda 2006-cı ildən Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvüdür. MDB məkanının bütün dini konfessiya rəhbərləri, özəlliklə Moskva və bütün Rusiya Patriarxı Kirill və Ümungürcüstan patriarxı katolikos II İliya ilə qarşılıqlı ehtiram münasibətləri, mütəmadi görüşlər sayəsində regionda bir sıra önəmli problemlərin tənzimlənməsinə nail olmuşdur. Müsəlman din xadimləri içərisində ilk dəfə Şeyxülislam Allahşükür Paşazadəni Vatikana dəvət edərək, fəaliyyətini “Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndirən Roma papası II İohan Pavel yazırdı: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.
 
Elmi fəaliyyəti
 
Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti xüsusi diqqət kəsb edir. O, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır, 1999-cu ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin professoru, BDU İmtahan Komissiyalarının sədri, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvü, tarix və ilahiyyat üzrə onlarla dissertasiyaların elmi rəhbəri, opponenti və məsləhətçisidir.
Şeyxülislam Allahşükür Paşazadə İslam tarixi, İslam mədəniyyət tarixi sahəsində Azərbaycanın ilk milli tarixçi-islamşünasıdır. O, elmin bu sahəsində yeni bir istiqamətin əsasını qoyan tədqiqatçıdır, əsərləri islamşünaslıq, İslam fikri və mədəniyyəti tarixi, təfriqəçiliyin tarixi, Qur`ani-Kərimin təfsiri və tərcüməsi tarixinə dair yerli və əcnəbi tədqiqatlara güclü təsir göstərmişdir. Tarix və ilahiyyat elmləri üzrə “Qafqazda islam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi”, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir.
Elmi fəaliyyətində bəşərin istiqbalına yönəlmiş təcrübi elmlərlə ilahi dini biliklərin vəhdətini önəmli bilən professor Allahşükür Paşazadə Azərbaycanda bu sahədə müstəsna xidmətləri olan şəxslərdəndir. Onun təkidi ilə uzun illər ərzində qapalı olan Bakı İslam mədrəsəsi 1989-cu ildə təsis edilmiş, 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlamışdır. Dini maarifi, İslamın elmi şəkildə tədris olunmasını önə çəkən Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılmışdır. Qloballaşma dönəmində dini maarifçiliyin böyük əhəmiyyət kəsb etməsi fikrini önə sürən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2015-ci ildə keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın təşkilatçısı olmuşdur.
Şeyxülislam Allahşükür Paşazadə İslam aləmində yeganə fiqh alimidir ki, həm şiə, həm də sünni məzhəblərinə fəqihlik etmək - ali dini hüquqi qərar vermək səlahiyyətinə malikdir. O, məzhəbi vəhdət naminə beynəlxalq miqyasda təbliğat aparan ictihad alimlərindəndir.