90. əl-Bələd (Şəhər) surəsi

(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. And içirəm1 bu şəhərə (Məkkəyə)-
2. Sənin yaşadığın (sənə halal olan) şəhərə;
3. And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
4. Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çapalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur!)
5. Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
6. Və: “Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” -deyir?!
7. Məgər o heç kəsin onu görmədiyini güman edir?!
8. Məgər Biz ona iki göz vermədikmi?!
9. Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
10. Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
11. Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi).
12. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
13. (O) bir kölə azad etməkdir;
14. Yaxud aclıq günü (zamanı) yemək verməkdir-
15. Qohumluq əlaqəsi çatan bir yetimə.
16. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
17. Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
18. Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)
20. Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)

Oxunub : 5882