15 DEKABR 2024
55. ər-Rəhman (Rəhmli olan Allah) surəsi
(Məkkədə nazil olmuşdur, 78 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Rəhman! (Mərhəmətli olan Allah!)
2. (Öz peyğəmbərinə) Quranı öyrətdi.
3. İnsanı yaratdı.
4. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
5. Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
6. Otlar da, ağaclar da (Allaha) səcdə edər!
7. Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
8. Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).
9. Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)
10. Yeri də (bütün) məxluqat üçün O döşədi.
11. Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları,
12. (Yaşıl ikən yarpaq, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s. ) vardır.
13. (Ey cinlər, ey insanlar!) Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
14. İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
15. (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
17. İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.
18. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
20. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
21. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
22. Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
23. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!
24. Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
25. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
26. (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
27. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
28. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
29. Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıma zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
30. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!
31. Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik).
32. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)
34. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
35. (Qiyamət günü) üstünüzə alovlu od və ərinmiş mis (yaxud: tüstüsüz alov və alovsuz tüstü) göndəriləcəkdir və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.
36. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
37. (Qiyamət günü) Göy yarılıb ərinmiş yağ (və ya dağ basılmış dəri) kimi qıpqırmızı olduğu (qırmızı bir gül rəngi aldığı) zaman (halınız necə olacaq)?
38. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!
39. O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Onlar üzlərindən tanınacaqlar. Günahkarların yolu ancaq Cəhənnəmədir).
40. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
41. Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir).
42. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
43. (Onlara belə deyiləcəkdir:) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”
44. Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.
45. Elə isə (ey cinlər, ey insanlar!) Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
46. Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn və Nəim cənnətləri) gözləyir!
47. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
48. (O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir).
49. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
50. Orada (o cənnətlərdə) iki axar bulaq vardır.
51. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
52. Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (möminlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
53. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
54. Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (möminlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).
55. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
56. Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
57. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
58. Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
59. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
60. Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!
61. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
62. Onlardan (o iki cənnətdən) başqa (möminlər üçün) daha iki cənnət (Firdovs və Məva cənnətləri) vardır.
63. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
64. (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).
65. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
66. Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
67. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
68. Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.
69. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
70. Orada (o cənnətlərin hamısında) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.
71. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
73. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.
75. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
76. Onlar (möminlər) yaşıl balışlara və gözəl naxışlı (incə ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.
77. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
78. (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!
Oxunub : 39657