11 OKTYABR 2024
53. ən-Nəcm (Ulduz) surəsi
(Məkkədə nazil olmuşdur, 62 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,
2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!
3. O, həva-həvəslə danışmır (nəfsinə uyub kefi istəyəni) demir.
4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.
5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.
6. O qüvvət sahibi (səmada öz həqiqi surətində) bərqərar oldu (Peyğəmbərə olduğu kimi göründü).
7. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.
8. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
9. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.
10. Sonra (Cəbrail Allahın) Öz bəndəsinə (Muhəmmədə) vəhy buyurduğunu vəhy etdi.
11. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbən inandı).
12. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?
13. And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü;
14. (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.
15. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır.
16. O zaman Sidrəni nələr bürümüşdü, nələr! (Və ya: O zaman sidrəni bürüyən bürümüşdü.)
17. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).
18. And olsun ki, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən (möcüzələrindən) bir qismini (Beytül-məmuru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.
19. (Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!
20. Digər üçüncü (büt) olan Mənat də həmçinin?!
21. Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar isə Onundurmu?! (Allahındırmı)?!
22. Elə isə bu ədalətsiz bölgüdür!
23. Onlar (bütlər) sizin və atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir.
24. Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər).
25. Axirət də, dünya da ancaq Allahındır!
26. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud möminə) izin verdikdən sonra (onun şəfaəti fayda verər).
27. Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər.
28. Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!
29. Artıq (ya Peyğəmbər!) Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
30. Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!
31. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!
32. (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!
33. (Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,
34. Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?
35. Məgər o, qeybi bilirmi ki, (öz dostunun onun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə vəd etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).
36. Yoxsa ona Musanın səhifələrində olanlar xəbər verilmədi?!
37. Və (əhdə) çox vəfalı olan (Allah qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)
38. (Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır:) “Heç bir günahkar başqasının günahına yüklənməz!
39. İnsana ancaq öz zəhməti (səyi, əməli) qalar!
40. Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir!
41. Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!”
42. Həqiqətən, axır dönüş sənin Rəbbinədir!
43. Güldürən də, ağladan da Odur!
44. Öldürən də, dirildən də Odur!
45. (İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur –
46. (Bir qətrə) nütfədən (o, ata belindən analığa) axıdılıb tökülərkən.
47. (Ölüləri) yenidən diriltmək də Ona aiddir!
48. (İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!
49. Şiranın (Şira ulduzunun) da Rəbbi Odur!
50. Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.
51. Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.
52. Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.
53. (Lut qövmünün yurdu) Mötəfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu).
54. Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)
55. (Ey insan!) Sən öz Rəbbinin hansı nemətlərinə şəkk edirsən?!
56. Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!
57. (Ey insanlar!) Yaxınlaşan (qiyamət) yaxınlaşdı.
58. Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz!)
59. İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz?
60. Həm də gülürsünüz, heç ağlamırsınız!
61. Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz).
62. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)
Oxunub : 9142