11 OKTYABR 2024
33. əl-Əhzab (Dəstələr) surəsi
(Mədinədə nazil olmuşdur, 73 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
2. Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!
3. Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!
4. Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!
5. Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
6. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində siğə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan möminlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).
7. (Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki,
8. (Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!
9. Ey iman gətirənlər! (Xəndək, yaxud Əzhab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.
10. O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Möminlər Allahın Öz vədinə doğru olduğuna inanır, münafiqlər və etiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).
11. Məhz onda (Xəndək vuruşunda) möminlər imtahana çəkilmiş (kimin həqiqi mömin, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.
12. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)” -deyirdilər.
13. O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” -demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)”-deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
14. Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.
15. Halbuki bundan əvvəl (Ühüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual olunacaqdır!
16. (Ya Peyğəmbər! Bu münafiqlərə) de: “Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)
17. De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.
18. Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)” -deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,
19. (Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (möminlərin əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!
20. (Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər möminlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.
21. Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!
22. Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı.
23. Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki,
24. Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
25. Allah kafirləri öz qəzəbləri ilə (qeyzləri içində boğula-boğula) dəf etdi. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
26. Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.
27. (Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!
28. Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!
29. Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbər əleyhissəlamın xanımları dünya nemətlərindən vaz keçib axirət yurdunu daha üstün tutdular).
30. Ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!
31. Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.
32. Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!).
33. Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bərbəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhlibeyt! Həqiqətən, Allah sizdən (hər cur) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!
34. Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”
35. Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!
36. Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!
37. (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” -deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmağına daha çox layiq olan kimsə Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!
38. Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)
39. O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.
40. Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!
41. Ey iman gətirənlər! Allahı çox zikr edin!
42. Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!)
43. Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər). Allah möminlərə rəhm edəndir!
44. (Möminlərin) Ona qovuşacaqları gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua) “salam”dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır.
45. Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan olaraq göndərdik!
46. (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!
47. Möminlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!
48. Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.
49. Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin. Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl tərzdə sərbəst buraxın!
50. Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə hədiyyə edən (bağışlayan) hər hansı bir mömin qadını -digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə -sənin üçün halal etdik. Onların (o biri möminlərin) zövcələri və sahib olduqları cariyələr barəsində (“Nisa” surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir!
51. (Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) təxirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini təxirə saldığın, yaxud rici talaqla boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)
52. Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!
53. Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!
54. Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud onu (qəlbinizdə) gizli saxlasanız, (fərqi yoxdur) Allah hər şeyi biləndir! (Sizin bütün aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha məlumdur!)
55. Onlara (Peyğəmbərin və möminlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
56. Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat deyirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat deyib layiqincə salamlayın! (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkatuhu-deyin!)
57. Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır!
58. Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!
59. Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!
60. Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.
61. (Onlar) məlunlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.
62. Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!
63. Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır.
64. Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır.
65. Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər.
66. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” -deyəcəklər.
67. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.
68. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə (əzaba) düçar elə!”
69. Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi.
70. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
71. (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
72. Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi).
73. Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!
Oxunub : 17963