Malayziyanın nümayəndə heyəti QMİ-də

 
08.10.2024
 
 
         Oktyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsində Malayziya Parlamentinin üzvü, senator Mücahid Yusifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.
         Qonaqlara Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdıran QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev onlara dini mərkəzin tarixi, keçdiyi yol və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. Azərbaycandakı din-dövlət münasibətlərindən söhbət açan Salman Musayev ölkəmizdəki dinlər və mədəniyyətlər arasındakı anlaşmanın, tolerantlıq mühitinin dünya ölkələri üçün nümunəvi bir model olduğunu qeyd etdi.  
         Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində Qarabağda dini abidələrimizin vandalizmə məruz qaldığını diqqətə çatdıran QMİ sədrinin birinci müavini Vətən müharibəsində qazanılan tarixi zəfərimizdən sonra azad edilən ərazilərdə həyata keçirilən böyük quruculuq işləri barədə məlumat verdi. Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) çərçivəsində keçirilməsi planlaşdırılan Dini Liderlərin Qlobal Sammitinə hazırlıq işlərindən danışdı. Dünyada sülhün, əmin-amanlığın davamlı olması, islamafobiyaya və radikalizmin bütün təzahürlərinə qarşı mübarizə istiqamətində səylərin birləşdirilməsini vacib saydı.
         Səmimi qarşılanmaya görə təşəkkür edən Malayziya parlamentinin üzvü senator Mücahid Yusif nümayəndə heyətinin səfəri və Bakıda keçirdikləri görüşlər barədə məlumat verdi. Senator iştirak edəcəkləri “Azərbaycan Halal Biznes və Turizm Forumu” bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma ola biləcəyinə inandığını ifadə etdi.
         2019-cu ildə Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitində iştirak etdiyini məmnunluqla xatırlayan Mücahid Yusif Azərbaycanın bütün İslam aləmi və dünya üçün mühüm bir ölkə olduğunu bildirərək son illərdə qazanılan uğurlara sevindiyini vurğuladı, Malayziyanın əlaqədar qurumlarının QMİ ilə əməkdaşlığa daim maraqlı olduğunu dedi.  
         Görüşdə maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmin gün Malayziyalı qonaqlar Təzəpir məscidini də ziyarət etdilər. Onlara məscidin tarixi və Azərbaycan dövləti tərəfindən aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verildi.   
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 471