Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə yola düşür

17.02.2024
 
            Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfərə yola düşür. Səfərdə məqsəd “Sülh quruculuğu və müxtəliflik üçün Mediada körpülərin qurulması və strateji tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli panel müzakirəsində iştirak etməkdir.
         KAICIID Beynəlxalq Dialoq Mərkəzinin təşkilatçılığı ilə, Media Siyasəti Forumu Layihəsinin mühüm tərkib hissəsi olan bu tədbir 19-21 fevral tarixlərində Ər-Riyadda keçirilməsi planlaşdırılan “Səudiyyə Media Forumu” ilə əməkdaşlıqda baş tutur. KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxülislam A. Paşazadə KAlCllD rəsmisi olaraq tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı fəal şəkildə təşviq edən, nifrət nitqinin qarşısını alan təşəbbüslərdə öncülük etmək məqsədini daşıyan panel müzakirəsinin açılışında çıxış edəcəkdir.
         Yüksək səviyyəli panel müzakirəsinin məqsədi media, siyasətçilər və dini liderlər arasında sülh quruculuğunun təşviqində və media məkanında müxtəlifliyin təşviqində strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulamaqdır.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 3288