Qafqaz Müsəlmanları İdarəsində prezident seçkiləri ilə əlaqədar ümumi iclas keçirilib

18.01.2024
Tədbirdə iştirak edən Allahşükür Paşazadə həzrətlərinin çıxışı:
 
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin çıxışı
18 yanvar, 2024-cü il
Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlı cənabları!
Möhtərəm dini konfessiya başçıları!
Hörmətli Milli Məclis deputatları!
Möhtərəm Qazılar, səlahiyyətli nümayəndələrimiz, imamlarımız!
Mərkəzi Seçki Komissiyasının hörmətli nümayəndəsi!
Möhtərəm qonaqlarımız!        Hörmətli tədbir iştirakçıları!
Sizləri dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsində salamlayır, Uca Allahdan bütün xoş niyyətlərimizə və tədbirimizin işinə rəvac verməsini diləyirəm. Bu gün bizim tədbirimizdə Gürcüstandan qonaqlarımız, habelə Türkiyə və Dağıstandakı səlahiyyətli nümayəndələrimiz iştirak edirlər. Əlamətdar haldır ki, qardaş Gürcüstanın müsəlman icmasının rəhbəri, Gürcüstan Müsəlmanları İdarəsinin sədri vəzifəsinə yeni seçilmiş Şeyx Faiq Nəbiyev ilk səfərini Azərbaycana edir və  tədbirimizdə qonağımız qismində iştirak edir.
Onu sizlərə təqdim edir, hamınızın adından təbrik edir, fəaliyyətində uğurlar diləyirik. Gürcüstandan təşrif buyurmuş hər iki məzhəb təmsilçisi olan Qazılarımız Sabir Musayev və Məhəmməd Şamilovu salamlayıram. Gürcüstan müsəlmanlarının digər icma rəhbərləri,  habelə Acarıstan müsəlmanlarının icma başçısı qarşıdakı tədbirlərimizdə iştirak edəcəklər, inşallah. Türkiyə Cümhuriyyətində səlahiyyətli nümayəndəmiz Binyamin Çili və Şimali Qafqazda təmsilçimiz, QMİ-nin Dərbənd üzrə qazısı Şahabuddin Kərimovu salamlayıram.
Hörmətli tədbir iştirakçıları! Bugünkü toplantımızın əsas məram və məqsədi Azərbaycan xalqının həyatında mühüm ictimai-siyasi hadisə ilə bağlıdır.
Tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçiriləcəkdir. Ən yeni tariximizdə yeni mərhələni ehtiva edən bu seçkilər müstəqil Azərbaycanda qalib xalqın zəfər qürurlu ilk seçkisidir. Xüsusi  əhəmiyyət daşıyan bu seçkilər biz, dindarlar, din xadimləri üçün özəl məna kəsb edir. Şükürlər olsun, artıq məscidlərimiz əsarətdən qurtulub, Qarabağın məscidlərində Azan səslənir, bayram namazları qılınır, imamlarımız dini vəzifələrini yerinə yetirirlər. Qarabağ torpağı əsl sahiblərinə qaytarılıb, məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdırlar, tarixi məscid və ziyarətgahlarımız yenidən dirçəldilir, nəfis şəkildə bərpa olunur.
Bu danılmaz həqiqətdir ki, xalqımızın ən ülvi arzularını həyata keçirməyi tarixi missiya olaraq üzərinə götürən, millətimizə verdiyi vədi, müqəddəs məkanda - Kəbə Evində etdiyi əhdi gerçəkləşdirmiş dahi Azərbaycan oğlu İlham Əliyev öz adını əməlləri ilə xalqın qəlbinə, tariximizin salnamələrinə həkk etməyə müvəffəq oldu. 2020-ci ildə Şuşanın Fatehi olan, 2023-cü ilin 15 oktyabrında separatizm yuvasını birdəfəlik ləğv edib üçrəngli bayrağımızı Xankəndində ucaldan, ərazi bütövlüyümüzü və dövlətimizin suverenliyini tam bərpa edən Azərbaycanın müzəffər Ali Baş Komandanı Prezidentimiz İlham Əliyev bizləri illərlə həsrətində olduğumuz arzulara qovuşdurdu.
Tarix yazmaq, tarixi yaratmaq hər kəsə nəsib olmur, bu yalnız dahi  şəxsiyyətlərə nəsib olan məqamdır. Uca Allahın Lütfüdür ki, Azərbaycan xalqına məhz belə bir tarixi şəxsiyyət rəhbər olaraq nəsib olub.
Allah Evləri inşa etdirən, bərpa və yenidən quran, Qarabağ məscidlərini bizə qaytaran dövlət başçımızla bütün millətimiz, o cümlədən, dindarlar ürəkdən fəxr edirlər. Həqiqətən, Allah-Təalaya xoş gedən əməllər sahibi İlham Əliyevin, onun siyasi müstəvidə silahdaşı və yardımçısı Mehriban xanımın varlığı bizim üçün böyük nemətdir. Milli-mənəvi, dini dəyərlərimizə hamilik edən, onlara ehtiram, dindarlara qayğı ilə yanaşan dövlət rəhbərimiz xalqımızın iftixar mənbəyidir.
İldönümü ərəfəsində olduğumuz 20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Qarabağ Zəfərinə gedən yolun bünövrəsi, heç şübhəsiz ki, 20 Yanvarda qoyulmuşdu. Şükürlər olsun, dövlət müstəqilliyimiz təntənəsini yaşayır
- ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunmuşdur. Bu xoşbəxtliyi, bu səadəti bizə yaşadan əziz şəhidlərimizi rəhmət və hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik.       
Möhtərəm tədbir iştirakçıları! Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar QMİ bütün Azərbaycan dindarlarına, din xadimlərinə müraciət hazırlamışdır. Din xadimləri bu müraciətdəki müddəaları bir yol xəritəsi kimi qəbul edərək, məscidlərdə, habelə ictimai tədbirlərdə buna istinad etməlidirlər. Bu müraciət bütün qazılara, imamlara, səlahiyyətli nümayəndələrimizə xitabən seçkilərdə yaxından, fəal iştirak etməyi tövsiyə edir. Məscidlərdə moizə və xütbələrdə dindarlara ölkəmizin həyatında ən önəmli hadisə olaraq seçkilərdə iştirak etmək, öz vətəndaşlıq vəzifəsini yerinə yetirərək, səsvermədə fəallıq göstərmək, istədikləri namizədə səs vermək hüququndan istifadə etmək fikri təşviq olunmalıdır. Qalib Azərbaycan Respublikasının vətəndaşı kimi hər birimiz bu məsuliyyəti dərk etməliyik. Tariximizin şanlı, taleyimizin uğurlu, gələcəyimizin nurlu və aydın olması üçün namizədlər siyahısından ən layiq olanını seçməliyik. Bildiyiniz kimi, İslamda azad seçim anlayışı çox böyük önəm kəsb edir. Azərbaycandakı dünyəvi prinsiplərə əsaslanan müasir seçki sistemində də dindarlarımızın fəal mövqedən çıxış etməsi təqdir olunur. Azərbaycanda din dövlətdən ayrı olsa da, vətəndaşlıq vəzifəsində dindar dövlətindən və ictimai həyatdan heç zaman ayrı olmamışdır və inşallah, olmayacaq.
Gördüyü işlərlə xalqın rəğbəti ilə yanaşı Uca Yaradanın da rizasını qazanmış xalq olaraq qəddimizi ucaltmış, başımızı uca etmiş, ürəyimizdə onilliklərlə davam edən nisgili, ağrı-acını aradan qaldırmış, tarixi ədaləti bərpa etmiş güclü və ardıcıl iradə sahibi bizim səs verəcəyimiz namizəd olacaqdır. Prezident İlham Əliyev həzrətlərinin siyasi zəkası və sərkərdəliyi ilə qazandığımız Zəfərlərdən duyduğum böyük fəxarəti, abad olan məscidlərimizi görməkdən yaşadığım qüruru sözlə ifadə etmək çətindir. Dünyanın çoxsaylı dövlətlərində iştirak etdiyim beynəlxalq tədbirlərdə və nüfuzlu qlobal platformalarda qələbə çalmış dövlətimizə, öz haqqına nail olmuş xalqımıza nə qədər şərəfli münasibətin olmasını görmək olduqca fəxarətdoğurucudur.
Bütün bu siyasi, mənəvi Zəfərlərin memarı Prezident İlham Əliyevin misilsiz zəhmətlərini, siyasi zəkasını, böyük sərkərdə şücaətini xüsusi qeyd etmək insani, mənəvi borcumuzdur. Azərbaycanın bütün sahələrdə tərəqqi və uğurlarının davamı üçün xilaskar Ulu Öndər Heydər Əliyevin ali mənəviyyat və dövlətçilik yolunun davamı vacibdir. Bu uğurlu yolu yalnız Heydər Əliyev siyasi məktəbinin davamçısı irəli aparmaq iqtidarındadır. Azərbaycanın milyonlarla dindarının niyyət və amalı Azərbaycan naminə bu yolun davamlı olmasıdır. Dualarımız da bunun üçündür, seçkidə səslərimiz də bu niyyətə xidmət etməlidir.
Bu əsnada, ölkəmizin hərbi Zəfərlərini, iqtisadi, siyasi uğurlarını gözü götürməyən, dövlətimizə qarşı təxribatları ilə dövlətlə din arasında qarşıdurma yaratmaq istəyən, milli birliyimizi pozmağa çalışan,
dini-mənəvi dəyərlərimizə həqarət edən, məzhəblər arasında nifaq, dini ayrıseçkilik yaratmaq istəyən məkrli, mənfur qüvvələrə birmənalı şəkildə bildiririk ki, heç bir güc, təzyiq, təxribat müdrik Azərbaycan xalqının milli-mənəvi vəhdətini poza bilməyəcəkdir. Xalqımızı, dövlətçiliyimizi daha xoşbəxt gələcəyə aparan, Azərbaycana nicat vermiş Heydər Əliyev yolu davam edəcəkdir. Bu yol, inşallah, daimi olacaqdır
Xalqın səsi Haqqın səsidir. Dini mərkəz olaraq, bütün Azərbaycan dindarlarını və din xadimlərini 7 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində fəal iştirak etməyə çağırıram. Bu, hər bir dindarın şərəfli vətəndaşlıq borcudur. Biz haqqı-nahaqdan seçməyi bacarmalı, hər bir işdə Haqqa səs verməliyik. Allah-Təala haqqın, ədalətin yanındadır və əmanəti əhlinə çatdırmağı vacib buyurur. Qurani-Kərimin ayeyi-şərifində buyurulduğu kimi:
إِنَّ اللهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا الْأَمَانَاتِ إِلَى أَهْلِهَا ...
“Həqiqətən, Allah əmanətləri – haqqı və ədaləti haqqa layiq olana verməyinizi əmr edir.(Nisa, 58).
Allahdan sizlərə Vətənimiz və xalqımız üçün ən xeyirli seçim diləyir, dövlətçiliyimizin gələcək uğurlarına, Azərbaycana həyatın bütün sahələrində zəfərlər bəxş edən Şuşanın, Xankəndinin Fatehinə səs verməyə çağırıram!
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 5147