Bakıda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

16.11.2023
Noyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları tədbirdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhlarına dualar oxunub.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş film nümayiş olunub.
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram dinindən, dilindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Ulu Öndərin zamanında daha yüksək səviyyəyə qaldırılaraq, ümumdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti kimi həyata keçirilməyə başlanıldı.
Şeyxülislam qeyd edib ki, “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” söyləyən Ulu Öndərimiz Azərbaycanda yaşayan müxtəlif konfessiya rəhbərləri ilə çoxsaylı tədbir və görüşlərində multikulturalizm siyasətinin bünövrəsini qoyurdu. Məhz Ulu Öndərin zamanında dünyanın nüfuzlu siyasətçiləri ilə bərabər, nüfuzlu dini liderləri də tolerantlıq məkanı olan Azərbaycana təşrif buyurmağa başladılar.
 
“Ümummilli Lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan, onun irsi və siyasəti etibarlı əllərdədir. Bu şanlı yolun davamçısı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevadır. Mən bunu Allah-Təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm. Ulu Öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Allaha şükürlər olsun ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin bu arzusunu, ata vəsiyyətini gerçəyə çevirdi. Xalq, dövlət olaraq qazandığımız bütün qələbələr, Vətən müharibəsində qazandığımız Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir”, - deyə QMİ sədri vurğulayıb.
Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli çıxışında Ulu Öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə misilsizdir xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəst-xətti olan Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də dövlətin gələcəyinin etibarlı əllərdə olmasını düşünərək Prezident İlham Əliyev kimi siyasi xadim yetişdirməsi olub.
Komitə sədri deyib ki, bu gün Azərbaycan xalqı tarixinin ən qürurlu dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti ilə Vətən müharibəsində, builki antiterror tədbirlərində tərcümeyi-halımızın ən şərəfli səhifəsini - düşmən üzərində qələbəni yazdıq. Biz dünya erməniliyinə, “böyük Ermənistan” ideologiyasına qalib gəldik və onu puç etdik.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb: “Azərbaycanın milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaq istiqamətində fəaliyyət göstəririk ki, bu dəyərlər mütləq yaşasın. Buraya dilimiz, dinimiz, adət-ənənələrimiz, ailə dəyərlərimiz, o cümlədən müstəqil Azərbaycanın Bayrağı, Gerbi, Himni aiddir. bu dəyərlər hamımız üçün eynidir.
 
Tarix boyu xalqımızın inkişafına, tərəqqisinə töhfələr verən şəxsiyyətlərin olduğunu söyləyən Dövlət Komitəsinin sədri deyib: “Onlar da bizim üçün dəyərlərdir. Biz də həmin dəyərləri daim qoruyub saxlamalıyıq. Ulu Öndər Heydər Əliyev bizim üçün çox böyük dəyər, irs qoyub. Dövlət müstəqilliyimizin bərpası, dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi baxımından onun xidmətləri əvəzsizdir. Ümummilli Lider Heydər Əliyev irsi də bizim üçün dəyərdir”.
Konfransda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları Zahid Oruc, Fazil Mustafa, Hikmət Babaoğlu, Anar İsgəndərov, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete və digərləri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlər sisteminə sonsuz məhəbbətlə yanaşıb. Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 4434