“Əlaqələrimizin qədimliyi barədə nəsə deməyə ehtiyac yoxdur, tarix özü danışır”

22.09.2023
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 22-də İraq Respublikası Parlamentinin millət vəkili, Nümayəndələr Palatası Xarici əlaqələr komitəsinin sədr müavini doktor Cabbar Əl Kənaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Azərbaycanla İraq arasında tarixi köklərə söykənən qardaşlıq münasibətləri barədə danışıb, dini və mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb: “Azərbaycan və İraq xalqları arasında əlaqələrin qədimlyi barədə nəsə deməyə ehtiyac yoxdur, tarix özü danışır. Xalqımızın İraqa daim xüsusi bir rəğbəti olub, bu da təsadüfi deyil, İraqın müqəddəs Nəcəf və Kərbəla şəhərləri bizim üçün də mühüm önəm daşıyan məkanlar sayılır. İslam dininin elmi şəkildə öyrənilməsində və yayılmasında da İraqın böyük rolu olub”. 
QMİ sədri hələ ötən əsrin 70-ci illərindən başlayaraq İraqa səfərləri, dövlət rəsmiləri, nüfuzlu din alimləri ilə keçirdiyi çoxsaylı görüşlər barədə qonaqlara məlumat verib.
Şeyxülislam həzrətləri bildirib ki, iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə iki tərəfli münasibətlər son illər daha da inkişaf edir, ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin inkişafına fayda verərcək. QMİ sədri İraq Nümayəndələr Palatası üzvlərinin budəfəki gəlişinin də xalqlarımız arasında əlaqələrin güclənməsinə vəsilə olacağına inandığını dilə gətirib.
Allahşükür Paşazadə üzvü olduğu Dünya Müsəlman Ağsaqqalları Şurasının İraqa bu ilin sonuna planlaşdırdığı səfəri barədə də məlumat verib: “Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin sədrlik etdiyi bu qurumda dünyanın nüfuzlu müsəlman alimləri, ictimai xadimləri təmsil olunur. Təşkilat üzvlərindən ibarət nümayəndə heyətinin İraq Respublikasına səfəri nəzərdə tutulub”.
Şeyxülislam həzrətləri Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı barədə danışıb: “Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qətiyyəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edilir, şəhər və kəndlərimiz erməni silahlı birləşmələrindən təmizlənir. Xalqımız bu yolda şəhidlər verib və bu gün də verməkdədir. Allah-Təaladan şəhidlərimizə rəhmət diləyir, yaralı əsgər və zabitlərimizin tezliklə şəfa tapmaları üçün dualar edirəm”.
QMİ sədri Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq dövlətinə və xalqına minnətdarlığını bildirib: “Həm 44 günlük Vətən savaşında, həm də son günlər keçirilən əməliyyatlarda dostlarımızın siyasi və mənəvi dəstəyi bizim üçün çox önəmlidir. İraqın beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsini xalqımız yüksək dəyərləndirir”.
İraq Respublikası Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini doktor Cabbar Əli Kənani xoş qarşılanmaya görə təşəkkür edib, səfərinin məqsədi, başçılq etdiyi nümayəndə heyətinin ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq təkcə müsəlman aləmində deyil, bütün dünyada yaxşı tanınan Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu din xadimi ilə görüş imkanı qazandığından məmnunluq duyduğunu bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlara xatirə hədiyyəsi təqdim olunub.   
 Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Ressan Əl-Məmuri iştirak ediblər.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 

Oxunub : 4689