QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Polşanın Baş müftisi Tomasz Miskieviczi qəbul edib

 
18.09.2023
Sentyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşüb.
Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə Polşa dövləti ilə Azərbaycan arasında mədəni-mənəvi əlaqələrdən bəhs edərək, polyak əsilli Roma Papası II İohan Pavel barəsində xatirələrini bölüşüb. 40 ildən artıq davam edən Şeyxülislamlığının ilk dönəmlərinə təsadüf edən II İohan Pavelin papalıq dövrünün ilk illəri barədə danışan A.Paşazadə onun şəxsiyyətinin və fəaliyyətinin o dövrlər olduqca böyük maraq doğurduğunu qeyd edib. Şeyxülislam A.Paşazadə Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Vatikan rəhbərinin ilk dəfə Azərbaycana səfərini böyük önəm daşıyan hadisə kimi dəyərləndirib. Bunun ardınca QMİ sədri Azərbaycanın dini konfessiya rəhbərlərinin nümayəndə heyəti ilə Vatikana səfəri barədə, Papa II İohan Pavellə görüşü barədə xoş təəssüratlarını qonaqla bölüşüb. Bu əsnada, Şeyxülislam A. Paşazadə Vatikanla hal-hazırda istər dövlətlərarası, istərsə dini mərkəzlər səviyyəsində münasibətlərin yüksələn xətlə inkişafını xüsusi vurğulayıb.
Azərbaycanda dini-mənəvi həyat barədə qonağı məlumatlandıran QMİ sədri A.Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə qurulduğunu, dini konfessiyalar arasında mənəvi harmoniya mühitinin hökm sürdüyünü, multikulturalizmin dövlət siyasəti qismində həyata keçirildiyi, dini icmaların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib, ölkəmizin dinlərarası əməkdaşlığa dair beynəlxalq təşəbbüsləri və evsahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoqa dair qlobal tədbirlər barədə danışıb. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində Zəfər qazanmasından sonra erməni işğalından azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs edən QMİ sədri A.Paşazadə dini-mənəvi irsin bərpa edilməsi sahəsində, dağıdılmış məscid və məbədlərin yenidən inşası ilə əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi misilsiz işlər haqqında danışıb. Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin dünyanın dini mərkəzləri ilə çoxşaxəli beynəlxalq əlaqələrindən bəhs edib, aparıcı dini platformalarda və mühüm qlobal forumlarda fəal iştirakı barədə qonağı məlumatlandırıb. Bildirib ki, müxtəlif Avropa ölkələrində ardıcıl beynəlxalq konfranslar təşkil edən Qafqaz Müsəlmanları İdarəsi Polşa ilə dini-mənəvi əlaqələrin inkişafında maraqlıdır və bu baxımdan, Polşanın Baş müftisinin səfərini əlamətdar hesab edib.
Polşanın Baş müftisi Tomasz Miskievicz səmimi qəbula və görüş imkanına görə Şeyxülislam A.Paşazadəyə təşəkkürlərini bildirib. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq Polşada 100 minlik müsəlman icmasının fəaliyyəti, XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların öz çoxəsrlik tarixi və dini-mədəni irsini qoruması yönündə səylərindən ətraflı bəhs edib. Azərbaycanla əlaqələrinə, o cümlədən, dini-mənəvi sahədə münasibətlərin dərinləşməsinə yüksək dəyər verən Polşalı din xadimi Şeyxülislam Allahşükür Paşazadəni Polşaya səfər etməyə dəvət edib.
         Görüşdə ölkəmizin Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak edib.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 

Oxunub : 4046