Şeyxülislam: Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq mühitində yaşamaları böyük nemətdir

12.09.2023
Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, QMİ sədri A.Paşazadə Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirib, ölkəmizin xristian dünyası ilə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin müsbət hal olduğunu qeyd edib.
Şeyxülislam Azərbaycanda dinlər və məzhəblər arasında əlaqələrin yüksək səviyyəsinin təmin olunmasında və davam etdirilməsində dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səylərinin və fəaliyyətinin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqət çəkib, Yunan Pravoslav Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə edib. G20 Dinlərarası Forum ərəfəsində ötən ay İstanbulda Ekumenik Patriarxlıqda baş tutan tədbirdə olduğunu xatırladan şeyxülislam QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar barədə ətraflı məlumat verib. Bildirib ki, yunan əsilli nüfuzlu din xadimi – Xalkidon Mitropoliti Emanuil Adamakis ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.
Yunanıstan səfiri Xristos Kapodistrias Azərbaycanda mövcud olan dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diplomat ötən ilin oktyabrında Sofiyada enerji layihəsinin açılış mərasimində Prezident İlham Əliyev və Baş nazir Miçotakis arasındakı əhəmiyyətli görüşün Yunanıstan-Azərbaycan ikitərəfli münasibətlərinə yenidən güclü təkan verdiyini xatırladıb.
Şeyxülislam A.Paşazadə son dövrlər Azərbaycanla Yunanıstan arasında iqtisadi münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun dini-mənəvi sahədə də əlaqələrin genişlənməsinə müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə A.Paşazadə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər barədə danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi sayəsində Ordumuzun 30 ilə yaxın erməni işğalı altında olmuş əzəli torpaqlarını azad etməsindən sonra apardığı quruculuq işlərindən və bölgədə sülh yönündə səylərindən ətraflı bəhs edib.
QMİ sədri təəssüflə qeyd edib ki, erməni apostol kilsəsi sülh deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur.
Sonda səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.
 
 
 
 

Oxunub : 5097