Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin birgə bəyanatı

08.05.2023
 
Bir Olan Uca Yaradanın Adı ilə!
Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının üzvləri Azərbaycan tarixində uca məqamı, özəl yeri olan möhtərəm şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aşağıdakıları bəyan edirik.
           Müstəqil Azərbaycan dövlətinin qurucusu, xilaskarı olan Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə rolu danılmaz, xidmətləri misilsizdir. Zənnimizcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, uca mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malik məqamdır. Bu mənəviyyat Ulu Öndərin illərlə Vətənə, millətə xidmətinin cövhərində olub. Xalqın çağırışı ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycan Prezidentinin andiçmə mərasimində Əsas Qanun - Konstitusiyamızla yanaşı müqəddəs Kitabımıza and içilməsi ənənəsinin əsasını qoymaqla, dini məbədləri ziyarət etməklə, dindarlara «Allahın yolunda hamımız bir olaq» xitabı ilə müdrik Heydər Əliyev dinimizə ehtiramını və xalqımızın həyatında mənəvi dəyərlərə verdiyi önəmi əyani şəkildə nümayiş etdirirdi. Müqəddəs Kəbə Evində Ulu Öndər Azərbaycan xalqı və dövlətini hifz etməsi, müstəqillyimizin əbədi olması, ərazi bütövlüyümüzün bərpası üçün Allaha dualar etmişdi. Heydər Əliyev müdrik dövlət başçısı kimi dini-mənəvi dəyərlərin millətin inkişafında, mənəvi intibahında, yüksək məqsəd və amallar uğrunda sıx birləşməsində rolunu vacib sayırdı. Şəhid Bibiheybət məscidinin bərpasından sonra Heydər minarəsindən səslənən Azan səsi Azərbaycanda dini-mənəvi dəyərlərə sədaqət və ehtiramın çarçısına çevrilmişdi.
Ümummilli Lider Heydər Əliyev ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayriseçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etmişdi. Ulu Öndər Heydər Əliyev milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratmış oldu. Xalq, dövlət olaraq qazandığımız bütün qələbələr, özəlliklə, bu gün fəxrlə, qürurla yaşadığımız Böyük Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun  layiqli  davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəridir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin ən böyük arzusu reallaşdı. “Qarabağ Azərbaycandır” cümləsinə nida işarəsi qoyan Prezidentimiz İlham Əliyev Şuşanın Fatehi olaraq Ulu Öndər vəsiyyətinə əməl etdi, tarixi ədaləti bərpa etdi, xalqımızın Haqq işi qələbə çaldı. Bu uğurun təməli Ulu Öndərin hakimiyyətinin ilk illərində güclü iqtisadiyyatın qurulması, ən yüksək tələblərə cavab verən ordu quruculuğu, hərbi potensialımızın artırılması istiqamətində misilsiz səylərilə qoyulmuşdu. Uzun  illər ərzində  Ulu Öndər  Heydər Əliyevin çoxsaylı xarici səfərləri zamanı, müxtəlif beynəlxalq tədbir və platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində apardığı gərgin iş, misilsiz diplomatik mübarizə öz səmərəsini verdi.  Azərbaycan dinc, stabil inkişaf, quruculuq mərhələsinə qədəm qoydu, beynəlxalq miqyasda ölkəmizin mənafe və maraqlarının təmini işi həyata keçirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı. Bu gün Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsinin əsasları qoyuldu. Tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq konfrans, «İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq simpozium, yüzlərlə mötəbər geosiyasi əhəmiyyətli beynəlxalq tədbirlər vasitəsilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünya miqyasında iqtisadi əməkdaşlıq, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, tolerantlıq ünvanı olaraq tanıdılmasına böyük töhfələr vermiş oldu. Bütün konfessiyalardan olan Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası yaradıldı, Jen-Mironosits kilsəsi bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım oldu. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, katolik icması üçün kilsə inşa edildi. Ulu Öndərin zamanında dünyanın nüfuzlu din xadimləri tolerantlıq məkanı Azərbaycana təşrif buyurmağa başladılar. Gürcüstan, Rusiya Patriarxları Azərbaycanı dəfələrlə ziyarət etdilər. Məhz Heydər Əliyevin dəvəti ilə 2001-ci ildə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycana təşrif buyurdu. Ulu Öndər tanınmış şəxsiyyəti ölkəmizə dəvət etməklə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltdi, gənc, müstəqil Azərbaycan dövlətinin uğurlarını və problemlərini tanıtmaq məramını həyata keçirdi. Vatikan, habelə dünyanın digər dini mərkəzləri ilə dinlərarası, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi yolunun əsası qoyuldu.
          Müxtəlif konfessiya nümayəndələri ilə bərabər dini-mənəvi harmoniya nümunəsi olan İftar süfrəsi ətrafında bir araya gələrək, Ramazan sevincini paylaşmaq ənənəsinin əsasını da məhz Heydər Əliyev həzrətləri qoymuşdu. Bununla dahi öndərimiz Azərbaycan xalqının etnik-dini monolitliyini, multikulturalizmini bariz nümayiş etdirirdi. Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram Ulu Öndərin zamanında ümümdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti qismində həyata keçirilməyə başladı. «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» deyən Ulu Öndərimiz Beynəlxalq Tolerantlıq günü ilə bağlı Azərbaycanda yaşayan müxtəlif konfessiya rəhbərlərini qəbullarında, müxtəlif tədbir və mərasimlər çərçivəsində çoxsaylı görüşlərində multikulturalizm siyasətinin bünövrəsini qoyurdu. Ulu Öndərin Vətənimizin xoşbəxt gələcəyi naminə başlatdığı bütün işlər kimi milli-mənəvi dəyərlərə sonsuz ehtiramı da bu gün layiqli şəkildə davam edir. Onun ailə ocağında bu ənənələr yaşadılır, inkişaf etdirilir. Şadıq ki, Əliyevlər ocağında iman işığı bu gün də gur yanır - möhtərəm İlham Əliyev həzrətlərinin və Mehriban xanım Əliyevanın fəaliyyətlərində biz bunun şahidi oluruq.
Ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş irimiqyaslı işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir. Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev məktəbi davam edəcək, siyasi kursu davamçıları tərəfindən inkişaf etdiriləcək, adı və əziz xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. Bu gün biz Ulu Öndər Heydər Əliyevin və onun ömür-gün yoldaşı Zərifə xanımın xatirələrini böyük məhəbbət, ehtiram və minnətdarlıqla yad edir, ruhlarına dualar edirik. Ulu Öndərin ruhu şad olsun!
 
Şeyxülislam Allahşükür PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
 
Arximandrit ALEKSİY,
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının katibi
 
Yepiskop Vladimir FEKETE,
Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi
 
Melih YEVDAYEV,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
 
Robert MOBİLİ,
                                                               Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri
 
Aleksandr ŞAROVSKİ,
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4264