Bakıda "Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il" adlı tədbir təşkil olunub

 Aprelin 25-də Heydər Əliyev Mərkəzində "Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il" adlı mükafatlandırma və müzakirə konseptli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün miras qoyduğu Azərbaycan-Türkiyə münasibətlərinin müasir dünya liderləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişafını əks etdirən videoçarx nümayiş olunub.
"Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il" Platformasının sədri Emin Sadıqov tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı olaraq təşkil edilən tədbirin əsas məqsədinin iki qardaş dövlətin tarixi nailiyyətlərini, hadisələrini gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu deyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, bu il qardaş Türkiyə Cümhuriyyəti tarixinin şanlı ildönümü qeyd olunur. Cümhuriyyətin 100 illiyi təkcə Türkiyə cəmiyyətinin deyil, bütün Türk dünyasının qürur mənbəyidir. “Dünya düzənində demokratik dövlətçilik ənənələrinin təşəkkülünə böyük töhfələr vermiş türk-İslam sivilizasiyasının ən böyük uğurları 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaradılması oldu. Türkiyə Cümhuriyyəti Türk dünyası və İslam sivilizasiyası üçün gələcəyə işıq tutan məşəldir. Dünya səviyyəsində Türkiyənin qazandığı uğurlar, qlobal müstəvidə Türk dünyası adına nüfuz və etimad hər birimizin qəlbini fəxarətlə döyündürür”, - deyə QMİ sədri qeyd edib.
Şeyxülislam qeyd edib ki, 1923-cü il Azərbaycan xalqı üçün də əlamətdar ildir. Türkiyə Cümhuriyyətinin yarandığı həmin ildə Türk dünyasının dəyərli şəxsiyyəti Heydər Əliyev dünyaya göz açıb. Şərqdə ilk müasir demokratik dövlət modeli olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və yalnız 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini daxili qarşıdurmalardan və xarici təhlükələrdən qurtararaq müstəqilliyimizin dönməzliyini təmin etdi. Xalqımızın və dövlətimizin həyatının bütün sahələrində yüksəliş və intibahın əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin fəaliyyətində Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə dövləti və ümumən İslam dünyası ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edib. Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin bugünkü yüksək zirvəsi iki dövlət liderinin dünya miqyasında bir-birinə arxa-dayaq olması, "Bir millət, iki dövlət" tezisinin müəllifi Ulu Öndər Heydər Əliyevin müdrikliyinin daha bir bariz nümunəsidir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Cümhuriyyətinin əsasının qoyulması yolunda atılan addımlardan, keçilən yollardan bəhs edib. Səfir çıxışında, həmçinin 1923-cü ildə əsası qoyulan müasir Türkiyənin ötən 100 il ərzində üzləşdiyi çətinliklərdən danışıb.
Cahit Bağçı ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyənin qazandığı nailiyyətləri xüsusi vurğulayıb. Qeyd edib ki, bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başlayıb.
Səfir vurğulayıb ki, Azərbaycanın dövlətçiliyini, mövcudluğunu xilas edən, gələcək inkişafının əsasını qoyan Ümummilli Lider Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi qiymət verib. Diqqətə çatdırılıb ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bütün müstəvilərdə daha da dərinləşir və genişlənir.
Türkiyə Respublikasının Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında bildiriblər ki, iki qardaş ölkə xalqları ortaq dəyərlərə və ənənələrə malikdirlər. Ölkələrimizdə bu ənənələr yüksək qiymətləndirilir, qorunur və daha da zənginləşdirilir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verirdi. Ölkələrimiz Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük məsafə qət edərək mühüm uğurlara imza atıb və gələcəyimiz üçün parlaq perspektivlər, etibarlı zəmin yaradıblar. Əminliklə vurğulanıb ki, əlaqələrimiz bundan sonra daha səmərəli, faydalı və məqsədyönlü şəkildə uğurla davam etdiriləcək.
Tədbir çərçivəsində "Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyəti 100 yaşında" mövzusunda müzakirə paneli də təşkil edilib.
Sonda mükafatlandırma mərasimi keçirilib.
 

Oxunub : 4945