Şeyxülislam Allahşükür Paşazadəyə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” yubiley medalı təqdim olundu.

06.01.2023
 
Yanvar ayının 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanı qəbul edib.
Görüş üçün öz minnətdarlığını ifadə edən xanım S.Əliyeva yeni ilə qədəm basarkən Şeyxülislam Həzrətləri ilə görüşüb onun xeyir-duasını almağın mühüm və anlamlı olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 20 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bununla əlaqədar xanım S.Əliyeva Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə yubiley medalının təsis edilməsi ilə bağlı müraciət etmiş, həmin müraciət ölkə başçısı tərəfindən müsbət qarşılanmış və medal təsis olunmuşdur. “Bu yubiley medalını yaxın tariximizin bütün dövrlərində - Sovet dövrü, müstəqilliyimizi bərpa edərkən, Qara Yanvar günlərində, 44 günlük Vətən müharibəsi dövründə - hər zaman Azərbaycan xalqının yanında olan dini xadim, ağsaqqal, hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təqdim etmək mənim üçün böyük şərəf və qürurdur.”
Aldığı mükafatın onun üçün xüsusi dəyər daşıdığını bildirən Şeyxülislam həzrətləri xanım Ombudsmana təşəkkür etedərək onun çətin, amma mühüm və şərəfli fəaliyyətinə Allah Taalanın xeyir-duasını dilədi.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 4880