Şeyxülislam Allahşükür Paşazadə: Mənəvi birliyimizə və türk qardaşlığımıza əsaslanan həmrəyliyimiz sarsılmazdır

21.10.2022
 
Bu gün dünyada insan həmrəyliyinə xidmət edən bəşəri ideyalara hər zamankından daha çox ehtiyac var. İslam dininə bağlı mənəvi birliyimizə və türk qardaşlığımıza əsaslanan həmrəyliyimiz təbii, sarsılmazdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri ilə görüşü zamanı deyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Türk Dövlətləri Təşkilatında bir araya gələn qardaş ölkələrin dini idarə rəhbərlərinin Şurasının yaranması münasibətilə təbrik edib: “Dünən qədim Şuşada qəbul etdiyimiz Bəyannamə və imzaladığımız Əsasnamədə imzalarımızın həkk olunması böyük şərəfdir. Tarix bizim mənəvi birlik yolunda atdığımız bu addımın dəyərini verəcəkdir, İnşallah.
Bizim birliyimiz Uca Allahın buyurduğu ideallara, xalqlarımızın ümumi mədəni-mənəvi dəyərlərinə, dövlətlərimizin ortaq tarixi mənafelərinə xidmət edir. Biz, dini liderlərin bir araya gələrək xalqlarımızın dini-mənəvi əlaqələrinin daha da dərinləşdirilməsi və möhkəmlənməsi naminə səylərimizi birləşdirməkdə fayda vardır. Birliyimiz İslam dünyasına, türk birliyinə qarşı fitnə törədənlərin önündə güclü sipər, mənəvi qalxandır. Birliyimiz cəmiyyətlərimiz üçün möhkəm mənəvi təməl, gənc nəsil üçün gözəl örnəkdir”.
“Məhz dövlət rəhbərlərimizin dəyərli səyləri biz dini liderlərin mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşməsinə təkan verdi. Türk Dövlətləri Birliyinin gerçəyə çevrilməsində böyük rolu olan Türk dünyasının ağsaqqalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını xüsusi qeyd etmək vacibdir. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin, Qazaxıstanın Prezidenti Kasım Jomart Tokayevin, Qırğızıstanın Prezidenti Sadır Japarovun, həmçinin Türkmənistanın Arkadağı Qurbanqulu Berdiməhəmmədovun və Prezident Sərdar Berdiməhəmmədovun Türk Dövlətləri Təşkilatı kimi qüdrətli birliyin reallığa çevrilməsində müstəsna rolları xüsusi dəyər kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının qədim Naxçıvan torpağında ilk Sammitinin təşəbbüskarı kimi tarixi əhəmiyyətli addımı ortaq tariximizdə hər zaman minnətdarlıqla xatırlanacaqdır”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb.
Allahşükür Paşazadə qeyd edib ki, dini liderlər dövlət rəhbərlərimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində aldıqları qərarların və irəli sürdükləri ideyaların gerçəkləşməsi yönündə Əsasnaməmizdə qeyd olunan şəkildə öz işimizi qurmaqda məsuluq. Ölkə liderlərimizin qarşılıqlı rəsmi səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi görüşləri bizləri ruhlandırır. Bizim mənəvi birliyimizin, türk dövlətlərində din-dövlət münasibətlərinin yüksək səviyyəsinin töhfəsini qardaş xalqlarımız, dövlətlərimiz, bütün türk dünyası, İslam cameəsi görəcəkdir, İnşallah. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin Şurasının yaradılmasına verdiyi dəstəyə görə Baş katib Bağdat Amreyevə xüsusi minnətdarlığımızı ifadə etmək istərdim. Uca Allah Türk dünyasının bütün şəhidlərinə rəhmət eləsin! Ulu Rəbbimiz qardaş dövlətlərimizi, Türk Dövlətləri Təşkilatını hər zaman ucada qərar versin, qardaşlığımızı hifz etsin, dövlət rəhbərlərimizi qorusun, hər zaman qalib qərar versin!.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev Şuşada bütün Türk dünyası üçün tarixi günün yaşandığını bildirərək deyib: “Biz Türk dünyasını daha da güclü etdik, qüvvətləndirdik. İnanıram ki, biz bundan sonra daha da çox inkişaf edəcəyik”.
Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Türk Dövlətləri Təşkilatının qurulması, yaradılması bütün türk xalqları üçün böyük xoşbəxtlikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin iştirakı ilə Əsasnamə imzalayıb, Bəyannamə qəbul etmək və bunu Şuşada həyata keçirmək əvəzolunmaz hissdir: “Bizim inancımızda birlik var və bu həmişə müsbət qarşılanıb. Birlikdən heç kəsə ziyan gəlməz. Biz bu birliyimizi çox gözəl dəyərləndirəcəyik”.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
 
 
 
 
 

Oxunub : 4569