15 DEKABR 2024
TDT - nin müsəlman dini liderləri Azərbaycanda bir araya gəlirlər
17.10.2022
19-21 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə evsahibliyi edəcəkdir. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev başda olmaqla Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Qırğızıstan Müftisi Zamir Rakiyev, Türkmənistan Müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.
Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda üçüncü görüşü 19 oktyabrda Gülüstan sarayında baş tutacaqdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Oktyabrın 21-də Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda Beynəlxalq Konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaqdır. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.
Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 2149