05 DEKABR 2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya təbriki
26.08.2022
Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
xanım Mehriban ƏLİYEVAYA
Möhtərəm Mehriban xanım!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə nəcib fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik.
Sizin Azərbaycan cəmiyyətində qazandığınız yüksək mövqe və xalqın qəlbində ucaldığınız zirvə Ulu Rəbbizin Lütfüdür. Ali dövlətçilik təfəkkürü ilə həyata keçirdiyiniz siyasi fəaliyyət, müqəddəs dinimizin bizə təlqin etdiyi dəyərlərə, ümumbəşəri irsə istinadən yerinə yetirdiyiniz çoxşaxəli ictimai, mədəni-mənəvi missiya istisna şəxsiyyətlərə xas qüdrətin təcəssümüdür. Siz milli-mənəvi dəyərlərimizə, çoxəsrlik ənənələrimizə ehtiramınız, azərbaycançılıq məfkurəsinə sadiqliyiniz, mərhəmət, şəfqətinizin bəhrəsi olan humanist təşəbbüsləriniz və humanitar layihələriniz sayəsində beynəlxalq müstəvidə siyasi-ictimai xadim zirvəsini fəth etmisiniz.
Möhtərəm Mehriban xanım! Siz sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm prinsiplərini daima diqqətdə saxlamaqla Azərbaycana yenilməz beynəlxalq nüfuz qazandırırsınız. Sizin rəhbərliyinizlə ölkəmizdə və dünyanın müxtəlif nöqtələrində müqəddəs məkanların tikintisi, bərpası, müsəlman ziyarətgahları ilə yanaşı xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində görülən işlər dünyaya örnək olacaq yüksək tolerantlıq nümunəsi, ölkəmiz adına şərəfdir. Sizin beynəlxalq miqyasda müstəsna əhəmiyyətli fəaliyyətiniz, müxtəlif ölkələrdə gerçəkləşdirdiyiniz layihələr, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təqdimatla yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəniz, heç şübhəsiz ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun mərkəzində duran ölkə kimi tanınmasına, söz sahibinə çevrilməsinə, ehtiram və nüfuzunun artmasına ali xidmətdir.
Möhtərəm Mehriban xanım! Sizin möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar silahdaşı olmağınız, dövlətimiz üçün önəmli siyasi məqamda dəyərli fəaliyyətiniz Azərbaycan dövlətçilik tarixi üçün böyük nailiyyət, xalqımız üçün xeyirlərə vəsilədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi Qarabağ torpaqlarında Sizin milli-mənəvi abidələri, məscid və ibadətgahları xüsusi ehtiramla ziyarət etməyiniz, dağıdılmış mənəvi məkanlarımızın böyük məhəbbət və qayğı ilə bərpası, yenidənqurulmasına dair nəfis, yüksək zövqlə həyata keçirilən layihələrə bilavasitə rəhbərlik etməyiniz, qəhrəman şəhidlərimizin ailələrinə və qazilərə ali diqqətiniz xalqımız üçün qürur mənbəyi, bütün dünya üçün təqdirəlayiq örnəkdir. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulduğu kimi: «Yaxşı işlər görün! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər» (Tövbə, 105).
Möhtərəm Mehriban xanım! Şərəfli və nəcabətli ailə ocağının görkəmli nümayəndəsi və nüfuzlu ictimai-siyasi xadim olaraq Sizin varlığınız Uca Allahın Azərbaycan xalqına Lütf-Kəramətidir. Sizi bütün Azərbaycan dindarları adından təvəllüd gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə və dəyərli ailənizə ən xoş arzularımı və xeyir-dualarımı yetirir, Sizin Azərbaycan xalqı və dövlətçiliyi naminə önəmli fəaliyyətinizə Uca Yaradandan xeyir-dualar diləyirəm! Qoy Allah-Təala xalqımızın, dövlətimizin yüksək nüfuz və tərəqqisi naminə səylərinizə rəvac versin! AMİN!
Dərin hörmətlə,
Şeyxülislam
Allahşükür Paşazadə
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 5346