Ərəb mətbuatı şeyxülislam Allahşükür Paşazadənin Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsindən yazıb

Qahirə, 24 iyul 2022
Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM agentliyi və “Əlxalic” qəzeti, həmçinin Misirin geniş oxucu auditoriyasına malik olan “Youm7” və “Masravi” portalları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İslam dünyasının nüfuzlu qurumu olan Müsəlman Ağsaqqallar Şurasına üzv seçilməsi barədə məqalə dərc ediblər.
AZƏRTAC xəbər verir ki, məqalədə Şuranın sədri Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin bununla bağlı qərarı imzaladığı və Azərbaycanın dini liderinə məktub ünvanladığı, eyni zamanda, şeyxülislam Allahşükür Paşazadənin Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzin rəhbəri, MDB Dinlərarası Şurasının həmsədri Məşvərət Şurasının sədri olduğu diqqətə çatdırılıb. Yazıda qeyd olunub ki, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda və bütün dünyada dinlərarası dialoq, tolerantlıq və multikulturalizmin təbliğinə böyük töhfə verib.
Sonda vurğulanıb ki, 17 dini lideri birləşdirən Müsəlman Ağsaqqallar Şurasının üzvləri sırasında Şahzadə Qazi bin Mühəmməd bin Talal, Şeyx Abdullah bin Bəyyah, doktor Abdullah Nassif, doktor Mühəmməd Qureyş Şihab, Şeyx Abdül Rəhman bin Mohammad Əl-Xəlifə kimi tanınmış müsəlman din və dövlət xadimləri yer alırlar.
 

Oxunub : 4034