İstanbulda XXV Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb

08.06.2022
İyunun 8-də İstanbulda XXV Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
Tədbirdə ölkəmiz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
 
Qeyd edək ki, tədbir “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə şeyxülislam Allahşükür Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək.
QMİ sədri çıxışında işğal dövründə Qarabağ ərazisində törədilmiş ekoloji fəlakətin miqyasından, Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan dövlətinin azad olunmuş torpaqlarımızda apardığı geniş bərpa-quruculuq işlərindən bəhs edəcək.
Dörddəbir əsr ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçılarının, parlamentarilərin və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının builki zirvəsində postpandemiya dövründə dünyada yaşanan sosial və iqtisadi problemlərin həlli yolları müzakirə ediləcək, enerji və ərzaq təhlükəsizliyi məsələləri gündəmdə olacaq.
İki gün davam edəcək Zirvə toplantısı çərçivəsində “Yeni bir enerji iqtisadiyyatı”, “Qlobal iş birlikləri arasında əməkdaşlıq və ortaqlıq”, “Daha rəqəmsal dünyaya doğru”, “Daha yaşıl bir dünyaya doğru” kimi bir sıra mövzularda panel iclaslar keçiriləcək.
Toplantıda əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciət məktubu oxunub.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın oxuduğu məktubda ilk növbədə toplantı çərçivəsində müzakirə olunacaq enerji, iqlim dəyişikliyi, qanunsuz miqrasiya kimi mövzuların hazırda dünya üzrə əsas problemlər olduğu bildirilib.
Qeyd edilib ki, pandemiya ilə mübarizədən iki il keçməsinə baxmayaraq qlobal iqtisadiyyatın hələ də çətin bir dövr içində olduğunu görürük. Pandemiyanın mənfi təsirlərinin azalmağa başladığı bu dövrdə Ukraynada başlayan gərginlik enerji və qida başda olmaqla bir sıra sahələrdə qlobal iqtisadiyyata təzyiq göstərir. Xüsusilə, tarixi zirvələri görən qida qiymətləri makro iqtisadiyyatın tarazlığı baxımından yol açdığı problemlərlə dünya üzrə milyonlarla insanı aclıq təhlükəsi ilə qarşı-qarşıya qoyur. Beynəlxalq qurumların son təhlilləri də qlobal iqtisadiyyatla bağlı mənfi göstəricilərin hələ davam edəcəyini göstərir. Bütün bunların işığında, bölgəmizdəki qeyri-sabitliklər və qlobal iqtisadiyyatda baş verənlərin vətəndaşlarımızın üzərindəki təsirlərini azaltmaq üçün lazımi addımları atırıq. Bir tərəfdən qida təhlükəsizliyi istiqamətində tədbirləri həyata keçirərkən, digər tərəfdən də qlobal qida böhranı ilə mübarizədə təsirli bir yolla vacib öhdəliyi üzərimizə götürərək beynəlxalq miqyasda ciddi təşəbbüslər irəli sürürük. 2021-ci ildə qlobal iqtisadiyyatda bütün natarazlıqlara baxmayaraq, atdığımız qərarlı addımların təsiri ilə Türkiyə iqtisadiyyatında artım müşahidə edilib.
Açılış nitqi ilə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver toplantıda postpandemiya dövründə dünya iqtisadiyyatının gələcəyi, inkişafı, eləcə də dünyada sülhün bərqərar olması istiqamətində atılacaq addımların müzakirə olunacağını deyib.
Bildirib ki, tədbirdə, ilk növbədə, iqtisadiyyatın inkişafı, qanunsuz miqrasiya, enerji sahələri üzrə müzakirələr aparılacaq. Zirvə toplantısı, sadəcə, qlobal problemlərin həlli istiqamətində müzakirələrin aparıldığı platforma deyil, həm də Türkiyənin dünyada tanıdılmasına böyük töhfə verir.
Bu il “Dörddəbir əsrlik fədakarlıq, xoş niyyət və qətiyyət” şüarı altında keçiriləcək Zirvə toplantısında ümumilikdə 42 ölkədən dövlət rəhbərləri, hökumət nümayəndələri, nazirlər və digər rəsmi şəxslər iştirak edirlər.
Tədbir mövzu ətrafında çıxışlarla davam edib.
Qeyd edək ki, şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə toplantısının nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcək.

Oxunub : 3516