G20 DİNLƏRARASI FORUM REGİONAL HAZIRLIQ İCLASI PRİORİTET  QLOBAL MƏSƏLƏLƏR ÜZRƏ MULTİKULTURAL PERSPEKTİVLƏR 

    (Bakı, 19 may 2022-ci il)
 
MÖHTƏRƏM KONFRANS İŞTİRAKÇILARI!
 
         Multikultural dəyərlər ölkəsi Azərbaycanda hər birinizi səmimi salamlayır, Xoş gəlmisiniz deyir, Uca Rəbbimizdən tədbirimizə xeyir-dualar diləyirəm. Böyük İyirmilik Dinlərarası Forumu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Stirlinq fondu və  Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə bugünkü forumun ərsəyə gəlməsini təqdirəlayiq hal sayıram.
 
   Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur ki:
يَآ أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِّنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ... (الحجرات-13)
 
«Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sizi xalqlar və qəbilələr olaraq qərar verdik ki, bir-birinizi tanıyasınız »                          (Hucurat, 13).
             Uca Yaradanımızın Lütfü olan müxtəlifliyimiz bizim bir-birimizi daha yaxşı tanımağımıza, yaxın olmağımıza xidmət edir. Qlobal problemlərin həlli üçün bəşəriyyətin dini-mənəvi dəyərlərə söykənməsi zəruridir.  Sülh şəraitində dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, insan qardaşlığı Rəbbimizin istəyi --- təqdiri-ilahidir.
 
     Təəssüflər olsun ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır. Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırım cinayətlərinə gətirib çıxarmaqdadır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdləridir ki, hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrətə sövq edən, böhranların yaranmasında və münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktlarını qətiyyətlə pisləyirik. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir.  Azərbaycan xalqı və dövləti dünyada insan cəmiyyətləri arasında həmrəylik və qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəkləyir.  
             Möhtərəm konfrans iştirakçıları! Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi məhz bu məramlara - dünyada insan həmrəyliyinə xidmət edir. Dini liderlərin I və II Ümumdünya Sammitlərinə, mədəniyyətlərarası dialoqa dair mötəbər forumlara evsahibliyi etmiş Azərbaycanda Böyük İyirmilik platformasında Dinlərarası Forum toplantısının keçirilməsi ölkəmizin multikultural təcrübəsinə verilən ali dəyərin təzahürüdür.
 
      Müstəqil dövlət olaraq Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi - ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev cənabları Multikulturalizmi «Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti» kimi dəyərləndirərək, onu dövlət siyasəti səviyyəsində bərqərar etdi. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.
 
              Hörmətli konfrans iştirakçıları! 2020-ci ildə Azərbaycan Ali Baş Komandanımızın rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoydu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etdi. Bu Zəfərin qazanılmasında Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsi, xalq-dövlət birliyi, multikultural həmrəyliyimiz həlledici əhəmiyyət kəsb etdi. Vətən torpağı uğrunda şəhid olan hər bir qəhrəman azərbaycanlının – müsəlman, yəhudi, xristian olmasından asılı olmayaraq əziz xatirəsi daima qəlblərimizdə yaşayacaqdır. Azərbaycandakı dini konfessiya rəhbərləri 44 günlük müharibə dövründə, hər zamankı kimi, bir yerdə oldular, dünyaya səsimizi bir duyurduq. Multikultural ruhlu vətənpərvərliyin bəhrəsi ümummilli Zəfərimiz oldu! Dünya azərbaycanlılarının bu yaxınlarda mədəniyyət paytaxtımız Şuşada Zəfər qurultayında da dünyanın hər yerindən gəlmiş müxtəlif milli və dini mənsubiyyətli Azərbaycanlılar qələbəmizi birgə qeyd etdilər. Bu, Azərbaycan multikulturalizminin daha bir əyani təzahürü oldu.
 
          Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın və multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır. Bu gün dövlətimiz işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini, mənəvi abidələrimizi bərpa edir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edir. Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meylləri vardır. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır.
 
    Möhtərəm Konfrans iştirakçıları! Bir daha hər birinizə Azərbaycana xoş gəlmisiniz deyir, bütün təşkilatçılara nəcib fəaliyyətlərində uğurlar diləyirəm. Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirimizin işinə rəvac versin! AMİN!
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5919