QMİ-də Azərbaycan – İraq dini – mənəvi əlaqələrindən danışıldı

 
10.02.2022
           Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraq Respublikasının xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullahın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
         Səmimi şəraitdə keçən görüşdə QMİ sədri A. Paşazadə qardaş xalqlarımız arasında mövcud tarixi əlaqələr əsasında inkişaf edən qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasını rəğbətlə vurğuladı, istər dövlətlərarası, istərsə beynəlxalq təşkilatlar müstəvisində, xüsusilə, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində  əməkdaşlıqda Azərbaycan və İraqın müsbət təcrübəsini dəyərli hal kimi qeyd etdi. QMİ sədri İraq dövlətinin Azərbaycanın haqq işini BMT səviyyəsində, beynəlxalq hüquq müstəvisində hər zaman dəstəklədiyini, tarixi ədalətin bərpası yönündə Azərbaycanın Vətən müharibəsində Zəfərini alqışladığını islami qardaşlıq və həmrəylik nümunəsi kimi təqdirəlayiq hal kimi dəyərləndirdi. Bu münasibətlərin bütün sahələrdə, o cümlədən, dini-mənəvi sahədə dərinləşməsinin vacib olduğunu deyən QMİ sədri bu istiqamətdə hər zaman səy göstərdiyini və Azərbaycan dövlətinin bu sahəyə diqqət ayırdığını bildirdi. İraq xalqına salamlarını, nüfuzlu İraqlı din xadimi Ağayi Sistaniyə ehtiramlarını çatdırmağı rica edən  Şeyxülislam A. Paşazadə qonağa bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə söhbət açdı. Bildirdi ki, Papa Fransisk həzrətlərinin İraqa tarixi səfərindən sonra Şeyxülislamla Vatikanda görüşü müsəlman-xristian dialoqu çərçivəsində daha bir önəmli addım oldu və dünya miqyasında dinlərarası əməkdaşlıq müstəvisində mühüm hadisə kimi dəyərləndirilir.
         İraqlı nazir müavini Şeyxülislamı ziyarət imkanından məmnun olduğunu bildirdi və QMİ sədrinin Papa ilə görüşünü, habelə İraqa səfər edərək Ağayi Sistani ilə görüşlərini dünya miqyasında, o cümlədən, Yaxın Şərq üçün həqiqətən böyük əhəmiyyətli hal kimi dəyərləndirdi. İslam dininin xristian dünyası ilə sülh, anlaşma şəraitində birgəyaşayışı üçün böyük potensialı olduğunu qeyd edən İraq rəsmisi Şeyxülislamın dinlərarası dialoq müstəvisində dəyərli fəaliyyətlərini xüsusi vurğuladı.    
     Cənab Əl-Xeyrullah görüşdə Azərbaycan və İraq arasında dini ziyarətlərin təşkili məsələsinin xalqlarımız arasında mövcud mənəvi bağların genişləndirilməsi yönündə böyük əhəmiyyətindən danışdı. O, dini ziyarətlərin təşkilində Qafqaz Müsəlmanları İdarəsinin başlıca rol oynayacağını qeyd edərək, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyində görüşü zamanı müvafiq razılaşmalar əldə olunduğunu bildirdi. Dini ziyarətlərin yüksək səviyyədə təşkili, azərbaycanlı zəvvarlar üçün səfərlərin viza və digər məsələlərinə dair səfirliklərin bütün zəruri işləri həyata keçirəcəkləri qeyd olundu. İraq XİN rəsmisi bu səfərlərin ölkələrimiz arasında ticari, iqtisadi əlaqələrin inkişafı üçün zəmin yaradacağını da xüsusi vurğuladı.
         Şeyxülislam A. Paşazadə dini mərkəz olaraq QMİ-nin dini ziyarətlərin yüksək səviyyədə təşkili üçün bütün zəruri fəaliyyətləri həyata keçirməyə hazır olduğunu və Azərbaycandakı müqəddəs İslam məkanlarına da zəvvar səfərlərin qarşılıqlı şəkildə yerinə yetirilməsi vacibliyinə diqqəti çəkdi.
         Görüşdə İraqın Azərbaycandakı və Azərbaycanın İraqdakı səfirləri iştirak etdilər.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 3138