Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

03.02.2022
 
Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Səfiri səmimi salamlayan Şeyxülislam Allahşükür Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanda baş vermiş son hadisələr zamanı həyatını itirmiş vətəndaşlarla bağlı başsağlıqlarını bildirdi, mərhumların ruhları üçün dua etdi. Qazaxıstanın Baş Müftisinə başsağlığı məktubu yönləndirdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə qazax xalqına ən xoş arzularını dilədi, Qazaxıstan dövlətçiliyinin bu imtahandan daha da güclənmiş çıxacağına əminliyini ifadə etdi.   
Görüşdə Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri Türk Dövlətləri Birliyi çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi  əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparıldı. QMİ sədri A. Paşazadə qeyd etdi ki, bu Birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur. Qazaxıstan dövlətinin türk dünyasında mühüm rolunu qeyd edən Şeyxülislam A. Paşazadə qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması, türk-İslam irsinin, milli ənənələrin qorunub inkişaf etdirilməsi üçün əhəmiyyət kəsb edən belə bir formatın yaradılmasını dövrün tələbi kimi dəyərləndirdi.
Qazaxıstanlı səfir S.Abdıkarimov, öz növbəsində müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirib ki, şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir bu əsnada Şeyxülislam A. Paşazadənin bu yaxınlarda uğurlu Vatikan səfəri ilə maraqlandı. QMİ sədri bildirdi ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından həqiqətən də uğurlu və perspektivli oldu. A. Paşazadə qeyd etdi ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulandı.
Görüşdə dinlərarası əməkdaşlıq, dinlərarası və mədəniyyətlərarası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A.Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışıb. Səmimi söhbət zamanı QMİ sədri Şeyxülislam A.Paşazadə 19 illik tarixə malik Dünya və ənənəvi din liderlərinin Qurultayının ardıcıl iştirakçısı olduğunu  xatırladaraq bu ilin sentyabrında keçiriləcək növbəti Qurultayda da iştirak edəcəyini, bu qlobal forumun böyük əhəmiyyət daşıdığını qeyd etdi.
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 4065